Azərbaycan XİN: “Sülh və əməkdaşlığın alternativi yoxdur”

 

Otuz ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinə və Azərbaycan ərazilərinin işğalına son qoyulduğu, doğma torpaqlarından didərgin düşmüş yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının bərpa edilməsi, bölgədə sülh və əməkdaşlıq üçün imkan yaradan 2020-ci ilin 44 günlük Vətən müharibəsində Zəfər minlərlə azərbaycanlının canı və qanı bahasına qazanılıb.

Bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) 8 Noyabr – Zəfər Günü ilə əlaqədar bəyanatında vurğulanır.

Qeyd olunur ki, müstəqilliyinin ilk illərindən qonşu ölkə Ermənistanın hərbi təcavüzü, işğalı, etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalan, bir milyona yaxın qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan sülh prosesinə sadiq olmaqla yanaşı, işğal faktı ilə barışmayacağını daim bəyan edib. Uzun illər ərzində status-kvonun saxlanılmasına hesablanmış imitasiya naminə danışıqlar aparması, bu destruktiv fəaliyyətə beynəlxalq vasitəçilərin göz yumması və adekvat tədbirlər görməməsi nəticəsində Ermənistanın təcavüzkar siyasətini, “yeni ərazilər uğrunda yeni müharibələr” konsepsiyasını irəli sürərək hərbi-siyasi təxribatlarını intensivləşdirməsi 44 günlük Vətən müharibəsini şərtləndirən amillərdən idi.

Vətən müharibəsi nəticəsində Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən öz ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını təmin etdi, bununla BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasına nail oldu. 44 gün ərzində Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı, cəbhə xəttindən çox uzaqda yerləşən ərazilərdə yaşayan azərbaycanlılara qarşı Ermənistan tərəfindən müharibə cinayətlərinin törədilməsinə baxmayaraq, xalqımızın birliyi və həmrəyliyi, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun şücaəti nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi işğaldan azad edildi.

Diqqətə çatdırılır ki, 2020-ci il noyabrın 8-də Azərbaycanın tarixi şəhəri, milli mədəniyyətin incisi Şuşanın işğaldan azad olunmasından sonra noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli Bəyanata uyğun olaraq isə Ermənistanın Kəlbəcər, Ağdam və Laçın rayonlarından silahlı qüvvələrini çıxarması ilə ərazi bütövlüyümüz təmin edildi.

Müharibənin bitməsindən dərhal sonra sülh təşəbbüsü ilə çıxış edən Azərbaycan öhdəliklərinə sadiq qalaraq iki ölkə arasında münasibətlərin normallaşması prosesini aktiv təşviq etməyə, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası istiqamətində tədbirlər görməyə başladı. Ermənistan tərəfi isə, öhdəliklərinə zidd olaraq, bölgədə sülh və təhlükəsizliyə əsas təhdid mənbəyi olan erməni silahlı qüvvələrini nəinki Azərbaycan ərazilərindən çıxarmadı, onlara maddi və maliyyə dəstəyini davam etdirdi, Azərbaycan ərazilərinə qanunsuz olaraq silah, hərbi texnika və mina ötürülməsi fəaliyyətindən əl çəkmədi.

“Azərbaycanın bütün səviyyələrdə və platformalarda xəbərdarlıqlarına məhəl qoymayan Ermənistanın Azərbaycan ərazisindəki qanunsuz silahlı birləşmələri cari ilin sentyabr ayında təxribatlarını artırdı və bir gündə 6 nəfər azərbaycanlı mülki şəxs və polislərin ölümü ilə nəticələnən mina partlayışı törətdi. Buna cavab olaraq, Azərbaycan tərəfi qanunsuz erməni qüvvələrinin mövcudluğuna son qoymaq və bütün ərazilərində tam suverenliyi bərpa etmək məqsədilə 2023-cü il sentyabrın 19-20-də Qarabağ bölgəsində 24 saat ərzində antiterror tədbirləri həyata keçirdi.

Hazırda erməni silahlı birləşmələrinin və Ermənistanın ərazilərimizdə yaratdığı qondarma rejimin mövcudluğuna son qoyulduqdan sonra bölgədə sülh və sabitlik üçün geniş imkanlar mövcuddur. Bu münbit şəraitin fonunda Azərbaycan iki ölkə arasında münasibətlərin normallaşması, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiya prosesinə sadiq qalaraq Ermənistanı sülh prosesində konstruktiv və ədalətli mövqe nümayiş etdirməyə, bölgədəki reallıqları düzgün anlamağa çağırır.

Ermənistan tərəfi bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını, nəhayət, başa düşməlidir”, – deyə XİN-in bəyanatında vurğulanır.

Bəyanat bu sözlərlə bitir: “8 Noyabr – Zəfər Günündə müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik. Zəfər Günümüz mübarək olsun!”.