Xorvatiya ərazilərin minalardan təmizlənməsində ölkəmizə dəstək verəcək

 

Xəbər verildiyi kimi, noyabrın 6-da Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç Azərbaycana səfər edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə təkbətək görüşü olub.

Sonra nümayəndə heyətlərinin iştirakı ilə nahar əsnasında geniş tərkibdə görüş keçirilib.

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, energetika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Hökumətlərarası komissiyanın iclasının tezliklə keçirilməsinin və bu çərçivədə iki ölkənin işgüzar dairələri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Xorvatiyanın minalardan əziyyət çəkən ölkə olaraq Azərbaycana bu sahədə dəstək vermək niyyəti müsbət qarşılanıb, minaların təmizlənməsi sahəsində təcrübə mübadiləsinin və əməkdaşlığın vacibliyi qeyd edilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Xorvatiyanın Avropa İttifaqına və NATO-ya üzv ölkə olaraq, Azərbaycanın bu təsisatlarla əməkdaşlığını daim dəstəklədiyi vurğulanıb.

***

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov da ölkəmizdə işgüzar səfərdə olan xorvatiyalı həmkarı ilə görüşüb.

Andrey Plenkoviç Azərbaycanda yaşayan Xorvatiya vətəndaşları ilə də görüşüb.