IX Bakı Beynəlxalq Kitab Sərgisi tədbir və təqdimatlarla davam edir. Noyabrın 13-də sərgi çərçivəsində Milli Kitabxananın direktor müavini Əməkdar mədəniyyət işçisi Ədibə İsmayılovanın tərtib etdiyi “Azərbaycan Milli Kitabxanası” fotoalbomunun təqdimat mərasimi keçirilib.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov təqdimatı keçirilən fotoalbom haqqında qonaqlara məlumat verib. O, fotoalbomun ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdir Akif Marifli, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və digər qonaqlar çıxış ediblər.

Tədbir çərçivəsində Azərbaycanda kitab sənayesinin inkişafında Azərbaycan Milli Kitabxanasının rolundan danışılıb. Həmçinin “Azərbaycan Milli Kitabxanası” fotoalbomunun Milli Kitabxananın 100 illik yubileyinə bir hədiyyə olduğu, bir əsrlik tarixin maraqlı anlarını özündə əks etdirən kitab olduğu vurğulanıb.