Noyabrın 13-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabının alman dilində nəşrinin təqdimatı keçirilib.

“Ergon-Nomos” nəşriyyatında “Bibliotheca Academica” – şərqşünaslıq sahəsində seçilmiş nəşrlər silsiləsindən çap edilən kitabı alman dilinə Qiesen Universitetinin dosenti, şərqşünas-alim Mixael Raynhard Hess tərcümə edib.

Təqdimatda mərkəzin rəhbəri Leyla Qasımova, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli, filologiya üzrə elmlər doktoru, professor Tərlan Quliyev, Azərbaycan Xarici İşlər Nazirliyi Linqvistik təminat idarəsinin rəisi Rizvan Nəbiyev çıxış ediblər.

R.Nəbiyev diqqətə çatdırıb ki, Berlin Azad Universitetində dahi şairimiz İmadəddin Nəsimi mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş M.R.Hess azərbaycanlı və avropalı oxuculara “Şuşanın irsi” kitabının müəllifi kimi də tanışdır. Otuz ildən bəri türkdilli xalqların dil və ədəbiyyatını tədqiq edən alim türk, Azərbaycan, fars və ərəb dillərinə dərindən bələd olması sayəsində Mir Cəlalın Füzuli yaradıcılığına dair əsərini bütün dil xüsusiyyətləri və incəlikləri ilə almancaya çevirib.

Mixael Raynhard Hess çıxışında Mir Cəlalın “Füzuli sənətkarlığı” əsərinin almanca nəşrinin əhəmiyyətindən bəhs edib. Qeyd edib ki, bu tərcümə sayəsində füzulişünaslığa maraq göstərənlər Füzuli irsi ilə elmi əsaslarla tanış olmaqla yanaşı, onun əsərlərindən nümunələri də alman dilində oxumaq imkanı əldə edəcəklər.

Görkəmli ədibin qızı, Bakı Dövlət Universiteti Ədəbiyyatşünaslıq tarixi kafedrasının müdiri professor Ədibə Paşayeva çıxışında “Füzuli sənətkarlığı” əsərinin alman dilinə tərcüməsinə və təqdimat mərasiminin təşkilinə görə Mir Cəlalın ailəsi adından minnətdarlıq edib. Bildirib ki, hər bir yaradıcı insanın ömrü vəfatından sonra onun bizə miras qoyub getdiyi əsərlərdə davam edir.

Çıxışlardan sonra musiqi proqramı təqdim edilib. Xanəndələr Rəvanə Qurbanova və Səbuhi İbayev “Leyli və Məcnun” operasından Leyli və Məcnunun qarşılaşması səhnəsini, eləcə də Məhəmməd Füzulinin qəzəlləri üstündə muğamlar ifa ediblər. Onları tarda Kamal Nuriyev və kamançada Xəyyam Məmmədov müşayiət ediblər.