Respublika Uşaq Kitabxanası və “Təhsil” nəşriyyat evinin birgə təşkilatçılığı ilə Firidun bəy Köçərlinin “Balalara hədiyyə” kitabı yeni tərtibatda oxuculara təqdim edilib.

9-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirilən təqdimat mərasimi 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzin “Çiçəyim” uşaq teatrı üzvlərinin təqdimatında “Tık-tık xanım” və “Qaravəllilər” kompozisiyası ilə başlanıb.

Filologiya elmləri doktoru, AMEA-nın Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimova çıxışında qeyd edib ki, F.Köçərlinin “Balalara hədiyyə” kitabı xalqın öz ana dili, soykökü ilə qurduğu mənəvi-ruhsal rabitə kimi dəyərlidir: “Köçərli haqqında ən gözəl təyinlərdən birini görkəmli yazıçı-ədəbiyyatşünas Mir Cəlal Paşayev verib: “Bir institutun görə bilmədiyi işi Firidun bəy Köçərli təkbaşına görmüşdür”. Eyni qənaəti onun “Balalara hədiyyə” kitabı haqqında da səsləndirmək mümkündür. “Balalara hədiyyə” kitabı sonrakı neçə nəslin dünyagörüşünün formalaşmasında, mənəvi-əxlaqi keyfiyyətlərin dolğunlaşmasında xüsusi rolu olan mətnlər toplusudur”.

Filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı bildirib ki, 160 illiyini qeyd etdiyimiz maarif xadiminin irsi hər zaman aktuallıq kəsb etdiyi üçün yenidən araşdırılmasına, nəşr olunmasına, gənc nəslə təqdim olunmasına ehtiyac var. Bu kitabın yenidən nəşr olunması ömrünü uşaqların işıqlı sabahına həsr edən Firidun bəyin xatirəsinə də ehtiramdır.

“Balalara hədiyyə” kitabının redaktoru, uşaq yazıçısı Sevinc Nuruqızı və “Təhsil” nəşriyyat evinin rəhbəri Tural Axundov da kitabın yeni nəşri ilə bağlı fikirlərini bölüşüb, bu işdə uşaqların iştirakını xüsusi qeyd ediblər.

Nəşrin tərtibçisi, Respublika Uşaq Kitabxanasının direktoru Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova qeyd edib ki, Azərbaycan xalqının böyük maarifpərvər oğlu Firidun bəy Köçərli geniş xalq kütləsinin savadlanması yolunda çox iş görüb. 1912-ci ildə çap olunan “Balalara hədiyyə” kitabı da belə ali məqsəd daşıyırdı. Kitabda müəllif Azərbaycan folkloruna aid topladığı materialları oxuculara çatdırıb. Müəllif yaş səviyyəsinə müvafiq olaraq kitabın birinci hissəsinə 49, ikinci hissəsinə 26 didaktik mənzum parça, nağıl, hekayə, tapmaca, sayaçı sözlər və başqa təlim-tərbiyə üçün zəruri olan mətnlər salmışdr. Yeni nəşrə 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin rəsm dərnəyi üzvlərinin mövzuya uyğun çəkdikləri rəsm və illüstrasiyalar da daxil edilib. Kitab F.Köçərlinin 160 illik yubileyi münasibətilə nəfis tərtibatda, “Balalara hədiyyə”nin 1967 və 1987-ci il nəşrləri (“Gənclik” nəşriyyatı) əsasında hazırlanıb.