IX Bakı Beynəlxalq Kitab Sərgisində Heydər Əliyev Fondunun nəşrləri də oxuculara təqdim edilib. Noyabrın 13-də sərgi çərçivəsində “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” kitabının təqdimatı keçirilib.

Fond tərəfindən nəşr olunan kitab iki hissədən ibarətdir. Birinci hissədə Uzun Həsənin şəcərəsi, tərcümeyi-halı haqqında məlumat verilir. Nəşrdə, həmçinin Uzun Həsən, onun oğlu Sultan Yaqubun daxili və xarici siyasəti, XV əsrdə Azərbaycanda və dünyada baş vermiş siyasi proseslər, XIV-XV əsrlərdə Azərbaycana gəlmiş və Ağqoyunlu sarayında olmuş avropalı səyyahlar, Azərbaycanın ilk qadın diplomatı, Uzun Həsənin anası Sara xatının fəaliyyəti, Uzun Həsənin həyat yoldaşı Despina xatının obrazının Avropa mədəniyyətində tərənnüm olunması haqqında tarixi məlumatlar yer alıb.

Kitabda dünya muzeylərində Ağqoyunlu dövlətinə aid maddi-mədəniyyət nümunələrinin kolleksiyaları haqqında məlumatlar da verilir.

Nəşrin ikinci hissəsi kataloqdur. Burada İstanbul Hərb Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi və Gəncə Tarix-Diyarşünaslıq Muzeyi və Azərbaycan Milli Kitabxanasının fondlarında saxlanılan və Ağqoyunlu dövrünə aid 50-dən çox eksponat haqqında məlumatlar əldə etmək mümkündür.

Qeyd edək ki, kitab noyabrın 1-də Heydər Əliyev Mərkəzində açılan və hazırda davam edən “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” sərgi  layihəsi çərçivəsində nəşr olunub.