Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin dəstəyi ilə gerçəkləşən IX Bakı Beynəlxalq Kitab Sərgisində müxtəlif mövzulu panel diskussiyalar üçün də imkan yaradılmışdı. Onlardan biri “Müasir ədəbi proseslər və yeni trendlər” mövzusuna həsr olunub.

Adəm Bakuvinin moderatorluğu ilə keçən paneldə millət vəkili Etibar Əliyev, BDU-nun professoru, Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvü Qulu Məhərrəmli, jurnalist, şair Həmid Herisçi mövzu ətrafında fikirlərini bölüşüblər. Eyni zamanda xarici dillərdən tərcümə ədəbiyyatı, tərcümələrin keyfiyyəti, kitab çapı sahəsindəki problemlərə toxunulub. Bildirilib ki, ölkəmizdə kitaba qoyulan əlavə dəyər vergisi ləğv edilsə də, bu kitabların qiymətinə elə də təsir etməyib.

Tədbirdə Bakı Beynəlxalq Kitab Sərgisinin bundan sonra da davamlı olacağına, Mədəniyyət Nazirliyinin regionlarda da bu işləri inkişaf etdirəcəyinə ümid ifadə olunub. Bildirilib ki, indiyədək kitaba builki sərgidəki kimi geniş maraq müşahidə olunmayıb.