Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Öncə tədbir iştirakçıları mərkəzin muzey bölməsində Ulu öndərin büstünü ziyarət ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra “Milli dirçəlişdən müstəqilliyə gedən yol” adlı mühazirə dinlənilib. Mühazirədə Ulu öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlardan bəhs edilib, ölkəmizdə gedən inkişaf prosesindən danışılıb.

Sonda Milli Dirçəliş Gününə həsr olunmuş film nümayiş olunub.

***

Baş idarənin İ.Əbilov adına Mədəniyyət Mərkəzində isə Milli Dirçəliş Gününə həsr olunmuş “Dirçəlişdən Zəfərə” adlı tədbir keçirilib.

Öncə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Mənəvi əsaslarını və başlanğıcını XX əsrin 60-cı illərindən götürən bu tarix sonralar Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter alıb, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoyub.

Bədii hissədə Mədəniyyət Mərkəzinin "Oğuzlar" və "Ailə" folklor xalq ansamblının üzv və solistləri, Ələsgər Ələkbərov adına Xalq teatrının kollektivi Vətənimizi tərənnüm edən şeir və musiqi nömrələri səsləndiriblər.