Noyabrın 20-də AMEA-da VI Beynəlxalq Mədəniyyət, İncəsənət və Ədəbiyyat Konqresi keçirilib.

Akademiyadan bildirilib ki, tədbir AMEA-nın Memarlıq və İncəsənət İnstitutu, Türkiyə İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD), Konya Səlcuq Universiteti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Konqresin açılış mərasimində çıxış edən Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə tədbirin Azərbaycan və Türkiyə üçün əlamətdar tarixlərdə – “Heydər Əliyev İli” və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi çərçivəsində keçirilməsinin önəminə toxunub. O, türk xalqlarının qədim tarixə malik olan mədəniyyəti, incəsənəti, dili və ədəbiyyatının dərindən öyrənilməsinin vacib məsələlərdən olduğunu qeyd edib, bu istiqamətdə aparılan tədqiqatların zəruriliyini vurğulayıb.

Professor Ərtegin Salamzadə bugünkü konqresin qardaş ölkələr olan Azərbaycan və Türkiyənin mədəni əlaqələrində yeni səhifə açacağına inamını ifadə edib, beynəlxalq tədbirin işinə uğurlar arzulayıb.

Tədbirin açılış mərasimində Dilek Sabancı Dövlət Konservatoriyasının rəhbəri professor Dilek Zerenler, İKSAD-ın direktoru Mustafa Latif Emek, Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin kafedra müdiri sənətşünaslıq üzrə elmlər doktoru, dosent İnarə Məhərrəmova, Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı professor İradə Köçərli və İKSAD-ın Azərbaycan üzrə baş koordinatoru Əlvan Cəfərov çıxış ediblər.

Çıxışlarda mövzu dairəsinin əhatəli olması baxımından konqresin önəmi qeyd edilib, tədbirin dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə töhfə verəcəyi bildirilib.

Konqresin plenar iclaslarında türk xalqlarının tarixi, mədəniyyəti, incəsənəti, dili və ədəbiyyatı, müasir dövrdə bu sahələrdə həyata keçirilən araşdırmalar və tədqiqatlar ətrafında müzakirələr aparılıb.