Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində BDU-nun kafedra müdirləri, dosentlər Aynur Nəsirova və Xatirə Hüseynovanın “Mediada saxta xəbərlər: yayılma səbəbləri və onunla mübarizə üsulları” kitabının təqdimatı olub.

Kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə “KİV-də və sosial şəbəkələrdə “saxta xəbər”lərin qarşısının alınması istiqamətində təşəbbüslər” layihəsi çərçivəsində nəşr edilib.

Tədbirdə kitabın ön sözünün müəllifi, BDU-nun professoru Qulu Məhərrəmli mövzunun aktuallığını qeyd edib. Professor bildirib ki, müəlliflərin ağır sosial bəla kimi az qala bütün dünyanı bürümüş saxta xəbərlər mövzusunu tədqiqata cəlb etmələri təsadüfi deyil. Bu, bir sosial sifariş, günümüzün informasiya reallıqlarından doğan tələbatdır. Ona görə də hər kəsin bu mövzuda biliklərinin olması çox əhəmiyyətlidir.

Qeyd olunub ki, bu gün saxta xəbərlər əsasən sosial şəbəkələr üzərindən yayılır. Feysbuk, tik-tok, yutub və s. kimi sosial media şəbəkələri öz fikrini bildirmək istəyən hər kəs üçün açıq platformaya çevrilib. Amma bir çox səbəblərdən bəzi ölkələrdə həmin platformalar dezinformasiya, yalan və nifrət yayan siyasi təbliğat kanalına çevrildi. Nəticədə bu platformalar nəinki dünyanı birləşdirdi, həmçinin istifadəçilərin şəxsi məlumatlarına müdaxilə etdi, yalan informasiyalar geniş yayılmağa başladı və insanların bir-birinə münasibətində ciddi problemlər yarandı.

“Müəlliflər “Mediada saxta xəbərlər: yayılma səbəbləri və onunla mübarizə üsulları” kitabında həmin proseslərin səbəbləri barədə məlumat verməklə yanaşı, ümumi mənzərəni də göstərir, ciddi ümumiləşdirmələr aparır və mövcud tendensiyaları dərindən təhlil edirlər. Bu səbəbdən də təqdim olunan kitab mövzunun ən müxtəlif çalarlarını əhatə etmək baxımından ciddi elmi mahiyyət daşıyır. Əsərin diqqəti cəlb edən ən qiymətli cəhətlərindən biri də budur ki, o, dünyada informasiya sahəsində gedən prosesləri özündə tam ehtiva edir”- deyə professor bildirib.

Q.Məhərrəmli qeyd edib ki, kitabın “Jurnalistikada xəbər standartları. Xəbərin çatdırılması yolları”, “Sosial mediada feyk xəbərlərin yaydığı təhlükə”, “Mediamanipulyasiya: mahiyyəti və təsirindən qorunma yolları” və s. kimi bölmələri diqqətlə işlənib. Bu, onu göstərir ki, müəlliflər problemin təkcə nəzəri tərəfinə deyil, praktik cəhətinə də diqqət yetirib və saxta məlumatların aşkar edilməsi ilə bağlı qiymətli tövsiyələr veriblər: “Epizodik olaraq sadaladığımız problemlər müasir dünyada saxta və yalan xəbərlərə qarşı mübarizəni labüd edir. Bu mübarizənin ən yaxşı yolu isə elmi biliklərə yiyələnməkdir. Müəlliflərin uğurlu işi kimi bu kitab xüsusi qiymətə layiqdir”.

Professorlar Cahangir Məmmədli, Nəsiman Yaqublu, Sabir Məmmədli, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, dekan müavini Samir Mirzəyev, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, “ARB-24” telekanalının icraçı direktoru Radik İsmayılov, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli və başqaları kitabla bağlı fikirlərini bölüşüb, onun əhəmiyyətindən danışıb, tələbə və mütəxəssislər üçün dəyərli mənbə olduğunu söyləyiblər.

Kitabın müəllifləri, dosentlər Aynur Nəsirova və Xatirə Hüseynova tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürlərini bildiriblər.