XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalında (10-15 noyabr) nümayiş olunan filmlərin bir qismi barədə oxucularımız məlumatlıdır. Xatırladaq ki, festivalda 3 əcnəbi və 2 yerli film müvafiq nominasiya və kateqoriyada baş mükafata – “Qızıl nar”a layiq görülüb.

“Ən yaxşı bədii film” nominasiyasında qalib olan “Salam, İsa” (rejissor Səməd Ağayev) və “Cinemobil” kateqoriyasında mükafat alan “Saatsaz” (rejissor Hüseynağa Aslanov) filmləri barədə söz açmaq istəyirik.

“Salam, İsa” filmi bu ilin oktyabrında Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu (ВГИК) tərəfindən keçirilən “Восхождение” MDB ölkələrinin beynəlxalq tələbə film festivalında “Ən yaxşı bədii film” nominasiyasında qalib olmuşdu.

Riyaziyyatçı olan Səməd Ağayev daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) kinorejissorluq ixtisası üzrə təhsil alıb. “Salam, İsa” onun diplom işidir. Dram və mistika janrında çəkilən filmin ssenarisi Xalq şairi Ramiz Rövşənin “Bir səhər yuxudan durub...” şeirindən ilhamlanaraq real hadisələr və yuxular əsasında yazılıb.

İsa valideynlərinin qəbrini ziyarət edir. Qərara gəlir ki, gecə ata evində qalıb səhəri gün Bakıya qayıtsın. Səhər oyananda görür ki, ata-anası da, hətta bir neçə il əvvəl dünyasını dəyişən dostu da sağdır. O, belə bir vəziyyətdə necə hərəkət edəcəyini, nəyin həqiqət, nəyin xəyal olduğunu müəyyənləşdirə bilmir...

Filmdə əsas rolları Rafael Şahbəyli, Əməkdar artistlər Gülşad Baxşıyeva və Ayşad Məmmədov canlandırıblar. Ekran işində həmçinin Əməkdar artist Gülər Nəbiyeva, eləcə də Nicat Əsgərzadə, Sunay Həsən və Səid Məmmədov da rol alıb. Filmin baş prodüseri, ssenari müəllifi və quruluşçu rejissoru Səməd Ağayev, prodüseri Murad Şükürlü, quruluşçu operatoru Orxan Məmmədov, bəstəkarı Vüqar Məmmədzadə, quruluşçu rəssamı Elturan Məmmədov, səs rejissoru Nadir Mahmudovdur.

***

Hüseynağa Aslanov “Saatsaz” filmi barədə deyir: “Gənc rejissor və ssenarist Pərviz Seyidlinin əsərinə müraciət etmək, hər bir oxucu üçün yeni bir addımdır. Bir oxucu kimi onun üslubu, qələmi mənə çox yaxındır. XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalının da “Cinemobil” kateqoriyasına film göndərmişdim. Pərviz Seyidlinin “İçərişəhər” əsəri əsasında lentə alınan həmin film də qalib oldu. Bu dəfə isə “Saatsaz”la uğur qazandıq. Bu hekayəni ilk dəfə üç il əvvəl audiokitab şəklində səsləndirmişdim. Film kimi çəkmək hissi isə məni tərk etmirdi. Qismət bu ilə imiş. İnsan hər şeyi vaxtında, zamanında etməlidir ki, sonra heç kimi və heç nəyi günahlandırmasın. Əsas da zamanı...”.

Qeyd edək ki, Hüseynağa Aslanov ADMİU-nun Aktyor sənəti fakültəsini bitirib. Eyni zamanda “Avanqard” orkestrində  skripka ifaçısı kimi fəaliyyət göstərir. Hazırda Azərbaycan Radiosunun diktorudur.

Əlavə edək ki, “Saatsaz” filminin operatoru Cavidan Hüseynzadə, səs rejissoru Məmmədbağır Eyvazovdur.

Lalə Azəri