Olaylar, faktlar (24–27 noyabr)

 

130 il əvvəl...

 

25 noyabr 1893-cü ildə türk mədəniyyəti tarixində mühüm hadisə baş verib. Danimarkalı alim Vilhelm Tomsen ilk dəfə qədim türk mədəni abidəsi olan Orxon-Yenisey daş kitabələrindəki yazıların oxuduğunu bildirib. İlk olaraq “Tanrı” və “türk” sözlərini oxumağa müvəffəq olan alim qədim türk yazı mədəniyyəti və əlifbası barədə kəşfi ilə dünya elminə dəyərli töhfə verib.

 

118 il əvvəl...

 

24 noyabr 1905-ci ildə Rusiyada inqilabi hərəkat yeni mərhələyə keçib. Qara dəniz donanmasının Sevastopol limanındakı gəmilərində leytenant Pyotr Şmidtin başçılığı ilə matrosların qiyamı başlanıb. “Oçakov” gəmisində ilk dəfə qırmızı bayraq qaldırılıb. İki mindən çox matrosu əhatə edən qiyam tezliklə yatırıldı və Şmidt gülləndi (1906).

 

99 il əvvəl...

 

26 noyabr 1924-cü ildə Monqolustan Xalq Respublikasının yarandığı elan edilib. Monqolustan Xalq Xuralı (nümayəndələr məclisi) ölkənin ilk Konstitusiyasını qəbul edib.

 

89 il əvvəl...

 

24 noyabr 1934-cü ildə Türkiyə Böyük Millət Məclisi Cümhurbaşqanı Qazi Mustafa Kamala Atatürk soyadının verilməsi haqqında qanun qəbul edib.

 

87 il əvvəl...

 

25 noyabr 1936-cı ildə Moskvada VIII (fövqəladə) Ümumittifaq Sovetlər Qurultayı işə başlayıb. 10 gün sürən qurultay dekabrın 5-də SSRİ-nin yeni Konstitusiyasını qəbul etdi. Konstitusiyaya görə, ölkənin ali hakimiyyət orqanı kimi Ümumittifaq Sovetlər Qurultayını SSRİ Ali Soveti əvəz etdi. 1937-ci ildə Ali Sovetə ilk seçkilər keçirildi.

 

48 il əvvəl...

 

25 noyabr 1975-ci ildə Niderlandın Cənubi Amerikadakı müstəmləkəsi (XVII əsrdən) olan Surinam dövlət müstəqilliyini elan edib.

 

35 il əvvəl...

 

27 noyabr 1988-ci ildə Ermənistan SSR-nin Qafan, Quqark, Spitak və Stepanavan şəhərlərində azərbaycanlı əhalini deportasiya etmək üçün terror və qətllər törədilib. Üç gün ərzində erməni silahlı dəstələri tərəfindən 30-dan çox azərbaycanlı qətlə yetirilib. Bu hadisədən sonra Ermənistandakı azərbaycanlı əhalinin kütləvi köçü daha da sürətləndi.

 

32 il əvvəl...

 

26 noyabr 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi barədə qərar qəbul edib. Qərar ermənilərin qondarma “Dağlıq Qarabağ Respublikası” yaratmaq qərarına (2 sentyabr 1991) cavab olaraq qəbul edilmişdi. Həmçinin keçmiş DQMV-nin inzibati mərkəzi – Stepanakert şəhərinin adının dəyişdirilərək Xankəndi adının bərpa olunması, Mardakert və Martuninin Ağdərə və Xocavənd adlandırılması barədə qanun qəbul edilib. Hadrut və Əsgəran rayonları ləğv edilib, Hadrutun inzibati ərazisi Xocavənd rayonunun tərkibinə, Əsgəranın ərazisi isə yeni yaradılan Xocalı rayonunun tərkibinə verilib.

 

20 il əvvəl...

 

24 noyabr 2003-cü ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərman imzalayıb. Bu, İlham Əliyevin prezident postunda imzaladığı ilk proqram xarakterli fərman idi.

Hazırladı: V.Orxan