Prezident İlham Əliyev noyabrın 22-də İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hissein Brahim Tahanı qəbul edib. Baş katib İƏT ölkələri əmək nazirlərinin 5-ci Konfransında iştirak etmək üçün Bakıya gəlib.

Prezident İlham Əliyev hər zaman Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyə görə təşkilata, İslam həmrəyliyinə görə təşkilatın üzv dövlətlərinə bir daha təşəkkürünü bildirib. İki ay əvvəl Azərbaycanın öz suverenliyini tam şəkildə bərpa etdiyini vurğulayan dövlətimizin başçısı Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını deyib.

Azərbaycanın da daim İslam həmrəyliyi prinsipinə sadiq olduğunu vurğulayan İlham Əliyev ölkəmizin təşkilatın fəaliyyətini dəstəklədiyini, o cümlədən quruma könüllü maliyyə ianələrini bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.

Azərbaycanın eyni zamanda Qoşulmama Hərəkatına (QH) dördillik uğurlu sədrlik etdiyini deyən Prezident İlham Əliyev ölkəmizin sədrliyi dövründə təsisat çərçivəsində aparılan fəaliyyətlər barədə də məlumat verib. Azərbaycanın QH-yə sədrliyi çərçivəsində bu günlərdə Bakıda dekolonizasiya mövzusuna həsr olunmuş tədbirlərin keçirildiyi, ölkəmizin bu prosesə öz dəstəyini verdiyi qeyd edilib. İƏT-ə üzv ölkələrin də tarixən müstəmləkəçilikdən əziyyət çəkdikləri, bu mövzunun təşkilatın gündəliyində saxlanılmasının vacibliyi vurğulanıb.

Hissein Brahim Taha Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təmin etməsi, eyni zamanda, Qarabağda aparılan bərpa-quruculuq işləri ilə əlaqədar təbriklərini çatdırıb. Baş katib təşkilatın dəstəklənməsini, Azərbaycanın könüllü maliyyə ianələrini yüksək qiymətləndirib.

Görüşdə İƏT çərçivəsində Azərbaycanda keçirilən tədbirlərin, Bakıda İƏT Əmək Mərkəzinin yaradılmasının əhəmiyyəti qeyd olunub.