Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində narkomaniya ilə mübarizəyə həsr olunmuş “Sağlam həyat naminə” adlı tədbir keçirilib.

Muzeydən bildirilib ki, tədbirdə çıxış edən muzeyin əməkdaşı Ümidə Hacıyeva bəşəriyyətin ən qorxulu bəlalarından biri olan ağ ölüm və onun törətdiyi fəsadlar barədə məlumat verib.

Sonra mövzu ilə bağlı videoçarx nümayiş olunub.

Tədbir çərçivəsində Bakı şəhər Baş Polis İdarəsinin baş inspektoru polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, Gənclər İnkişaf Naminə İctimai Birliyinin sədr müavini, psixoloq Ofeliya Əliyeva yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, onların savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində maarifləndirici mühazirə ilə çıxış ediblər.

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri, muzey əməkdaşları və media nümayəndələri iştirak edib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 22 iyul 2019 - cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq hər il mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir.