“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) tədbirlər planına uyğun olaraq Türkiyəyə rəsmi səfər çərçivəsində Ankara Sosial Elmlər Universitetində ingilisdilli auditoriya üçün “Davamlı inkişaf məqsədlərinə çatmaq və inklüziv cəmiyyətin formalaşması üçün yeni idarəçilik texnologiyaları - Azərbaycan təcrübəsində” mövzusunda seminar təşkil edilib.

Bu barədə DİA-dan məlumat verilib. Bildirilib ki, seminarda Ankara Sosial Elmlər Universitetinin ASBÜKENT (şəhər, ətraf mühit və yerli idarəetmə sahələrində təhsil, araşdırma və nəşr fəaliyyətləri həyata keçirir) mərkəzinin direktoru professor Aslı Akay və ASBÜ Sosial Elmlər İnstitutunun direktoru professor Bilal Çakıcı açılış nitqi ilə çıxış ediblər.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov Ankara Sosial Elmlər Universitetinin professor-müəllim və tələbə heyəti üçün ingilis dilində “Davamlı inkişaf məqsədlərinə çatmaq və inklüziv cəmiyyətin formalaşması üçün yeni idarəçilik texnologiyaları - Azərbaycan təcrübəsində” (New Public Administration Technology for Achieving Sustainable Development Goals and Creating Inclusive Society (Azerbaijan's Experience) mövzusunda geniş interaktiv təqdimatla çıxış edib.

Məruzədə akademik U.Ələkbərov Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət çəkib. O, Prezident İlham Əliyev tərəfindən işlənərək tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanı davamlı inklüziv inkişaf naminə resurslardan səmərəli istifadə üzrə regional və qlobal liderə çevrilməsinə gətirib çıxardığını xüsusi vurğulayıb. Eyni zamanda, Azərbaycanda tətbiq edilən innovativ idarəçilik texnologiyaları kompleksinin yüksək səmərəliliyinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin uğurla yerinə yetirilməsində və Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan ərazilərin azad edilməsində təsdiqini tapdığını bildirib. Akademik Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını dövlətimizin başçısının innovativ inkişaf strategiyasının təntənəli yekunu kimi dəyərləndirib.

Rektor Azərbaycanın bütün dünya üçün prioritet kimi qəbul edilən davamlı inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdıran dünya lideri olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, inklüziv inkişaf sahəsində Azərbaycanın Respublikasının yüksək göstəricilər əldə etməsində və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var. Respublikanın hazırkı davamlı inkişafı dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində reallaşdırılan ardıcıl islahatlar və dəyişikliklərin nəticəsidir. Rektor seminar zamanı müstəqil və suveren Azərbaycan dövlətinin keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olduğunu qeyd edərək, inklüziv cəmiyyətin qurulması prosesinin ölkənin 2030-cu il üçün planlaşdırılmış əsas prioritetləri sırasında olduğunu söyləyib. O, beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq, ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən bu yeni mərhələdə Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən inklüziv inkişafın planlaşdırılması və idarəedilməsi sahəsindəki uğurlarını dinləyicilərin diqqətinə çatdırıb. Akademik U.Ələkbərov məruzəsini işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, müstəqillik dövründə qazanılan siyasi, iqtisadi, hərbi uğurlar, inklüziv inkişafın idarə olunması sahəsində ölkənin əldə etdiyi nailiyyətlər barədə geniş elmi təhlilə əsaslanan məlumatlarla yekunlaşdırıb. Sonra dinləyicilərin sualları cavablandırılıb.

Seminarda, həmçinin DİA-nın prorektoru Əbülfəz Talıbov, Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Elvin Əzizbəyov iştirak ediblər.