Klassiklərdən kimsə təxminən belə deyib ki, faciə təkrarlananda komediyaya çevrilir. Adətən, bədii əsərdən söz düşəndə bu, heç yaxşı sayılmır. Çünki istər milli, istər beynəlxalq kino, teatr məkanında buna “n” qədər neqativ nümunə tapmaq olar, bircə bəhs etdiyimiz əsərdən başqa. Çünki “nəlbəkidə qasırğa” ovqatı yaradan Boqdanovlar – Quliyevlər ailələrinin (daha doğrusu, Boqdanovaların başladığı və qismən Quliyevləri cəlb edə bildikləri) qarşıdurma əsl komik situasiyadır.

Söhbət altmış yaşı tamam olan “Romeo mənim qonşumdur” filmindən gedir. 1963-cü ildə çəkilmiş “Romeo mənim qonşumdur” filmini seyr etməmiş azərbaycanlı kinosevər çətin tapılar.

Bəri basdan qeyd edək ki, görkəmli bəstəkar Rauf Hacıyevin “Romeo mənim qonşumdur” (ilk adı “Qonşular”) operettası ekran ömründən öncə şöhrətli səhnə həyatı yaşayıb. Bəstəkarın digər operettaları kimi, “Romeo mənim qonşumdur” əsərinin də librettosu (müəllif Vyaçeslav Yesman) rus dilində yazılıb. 1960-cı ildə “Qonşular” adı ilə Azərbaycan Musiqili Komediya Teatrında (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) tamaşaya qoyulan əsər artıq həmin ilin dekabrında Moskva Operetta Teatrında  “Romeo mənim qonşumdur” kimi səhnəyə çıxmışdı.

Ümumiyyətlə, 1960-1969-cu illərdə “Romeo mənim qonşumdur” operettasını yaxın-uzaq musiqili teatrların fatehi saymaq olar. Belə ki, mahnıları, qəhrəmanların işlətdikləri ifadələr (“Mən doğma qardaşımın qardaşıyam”, “Mən elektrik dəlisiyəm”, “Hətta Şekspir də mənzil rahatlığında eyvanın rolunu xüsusi qeyd edib”, “Ən böyük ada Afrikadır, hər tərəfi sudur da”, “Sonra professor huşunu itirdi” və d.) dillər əzbərinə çevrilən tamaşa Moskva, Kiyev, Riqa, eləcə də Sofiya (Bolqarıstan), Krakov, Lodz, Qdansk (Polşa) şəhər teatrlarının afişa lövhələrini bəzəyib. Onun 1963-cü ildə Moskva Operetta Teatrında 100-cü dəfə oynanılması da xoşbəxt sonluqlu əsərin tamaşaçıların ürəyincə olduğuna, onların Rauf Hacıyevin möhtəşəm musiqisindən zövq aldıqlarına sübutdur.

Filmə gəlincə, bu barədə geniş danışmaq niyyətində deyilik. Çünki deyilənləri, yazılanları təkrar etməyə ehtiyac duymuruq. Sadəcə, beynəlmiləl yaradıcı heyəti olan ekran əsərində çəkilmiş aktyorlar barədə öyrənib bildiklərimizi az qala hər bayramda bir neçə telekanalda nümayiş olunan “Romeo mənim qonşumdur” filmini həzz alaraq seyr edən kinosevər oxucularımızla bölüşmək istəyirik.

“Romeo mənim qonşumdur” sonradan bir neçə maraqlı filmə ekran həyatı bəxş edəcək Şamil Mahmudbəyovun kinoda ilk müstəqil quruluşçu rejissor işidir. Filmin iki ssenari müəllifi var. Onlardan biri elə operettanın libretto müəllifi Vyaçeslav Yesman, o biri İosif Prutdur.

Rusdilli internet resursları nə qədər zəngin olsa da, Rauf Hacıyevin “Təbəssümünü gizləmə”, “Kuba – məhəbbətim mənim” operettalarının da libretto müəllifi olan Vyaçeslav Yesman barədə dolğun məlumat tapa bilmədik. 2009-cu ildə Dağıstan Opera və Balet Teatrında səhnələşdirilən Murad Kajlayevin “Validə” operettasının librettosunu da V.Yesmanın yazması, belə düşünməyə haqq verir ki, o, uzun və məhsuldar ömür yaşayıb.

Filmin digər ssenari müəllifi İosif Leonidoviç Prut isə gerçəkdən uzun ömür (1900-1996) yaşayıb. İyirmidən çox pyes yazmış, təxminən otuz bədii lentin ssenari müəllifi olmuş Prutun “Azərbaycanfilm” ilə yaradıcılıq münasibətinin ilk bəhrəsi 1943-cü ilə aiddir. O, yazıçı Mir Cəlal və Lev Vaysenberq ilə birlikdə “Bir ailə” (1943, quruluşçu rejissor Qriqori Aleksandrov) filminin ssenarisini qələmə alıb. Rejissor Şamil Mahmudbəyov ilə işbirliyi isə sonralar da davam edib. Onun 1966-cı ildə çəkdiyi (rejissor Rüfət Şabanovla birgə) “Qaraca qız” filminin ssenarisini də İosif Prut qələmə alıb. Maraqlıdır ki, bu filmin də bəstəkarı Rauf Hacıyevdir. 

“Romeo mənim qonşumdur” filmində beynəlmiləlçilik o qədər də qabarıq verilməsə də, qarışıq millətlərin ailə qurmasının təqdir edilməsi kimi sovet ideoloji xətti bilinir. Əgər professor Yunis Quliyevin həyat yoldaşı Aqrippina Nikolayevnanın rus olduğu aşkar bəllidirsə, Boqdanovlarda məsələ bir qədər başqadır. Hətta uzun illər “Romeo mənim qonşumdur” filmi Boqdanovların erməni olması səbəbindən televiziya ilə nümayiş olunmadı. Halbuki Boqdanovların adları – Ruben, Nona, Stella, Şurik (qısaldılmış), hətta Solmaz (Azərbaycanda məskunlaşmış əksər xalqlar bizim adları öz övladlarına verirlər) adı bu ailənin erməni kökənli olduğunu göstərmir. Əksinə, inanclı şərqi slavyanlar böyük həvəslə oğlana Boqdan, qıza Boqdana adı verirlər ki, bunun da hərfi tərcüməsi Allahverdi deməkdir. O ki qaldı Nonanın əmisi Kolumb Xristoforoviçin adına, bu seçim tipik mənfi qəhrəman ismidir.

Maraqlı və qəribədir ki, “Romeo mənim qonşumdur” filminin 13 qəhrəmanından cəmi üçünü (epizodik Evlər müdiri rolunu ifa edən Yusif Yıldızı çıxmaqla) Azərbaycan sənətçisi oynayıb: aradabir kinoya çəkilən, amma bütün kino obrazlarını xüsusi koloritlə yaradan görkəmli teatr rejissoru Adil İsgəndərov (professor Quliyev), aktrisa kimi kinodan daha çox teatrda bəxti gətirən Sofa Bəsirzadə (Solmaz), bir də ilk dəfə kino kamerası önünə keçən Səyavuş Aslan (Səməd).

Madam ki, ilk olaraq professor Quliyevin adını çəkdik, tanıtıma elə onun ailə üzvlərindən başlayaq.

Arif – 1940-cı ildə doğulmuş İrakli Xizanişvili “Romeo mənim qonşumdur” filminə çəkiləndə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun tələbəsiymiş. Ali təhsilini başa vurduqdan sonra Moskva Kino Aktyoru Teatrında işləməyə başlayır, ara-sıra həm Rusiyada, həm də Gürcüstanda filmlərə çəkilir. Sovet İttifaqı dağılandan sonra İrakli Xizanişvili Amerikaya mühacirət edir və onun sonrakı taleyi barədə məlumatımız yoxdur.

Aqrippina Nikolayevna – aktrisa Kseniya Kozmina (1912-2003) təxminən 41 il ərzində 47 filmə çəkilib, yüzlərlə filmin dublyajında iştirak edib. “Mosfilm” kinostudiyasının nəzdindəki Kino aktyoru məktəbində sonuncu kursda təhsil alarkən repressiya qurbanı olub. İslah-əmək düşərgəsində beş il həbs cəzasına məhkum edilib. Həbsdə cəza müddəti daha üç il artırılıb. 1946-cı ildə azadlığa çıxsa da, yalnız 1955-ci ildə bəraət qazanıb. 

İndi də yaxşı Boqdanovlar ailəsini oynayan dəvətli aktyorlar barədə danışaq. Nona rolunun ifaçısı Ariadna Şengelaya (qızlıq soyadı Şprink) 1937-ci ildə Daşkənddə doğulub. Atası alman, anası rusdur. Moskvada Kinematoqrafiya İnstitutunda təhsil alarkən sonralar görkəmli rejissor kimi tanınacaq Eldar Şengelaya ilə ailə qurur. “Romeo mənim qonşumdur” filmindən başqa “Azərbaycanfilm”in istehsalı olan “Ən vacib müsahibə” (1971) və “Bizi bağışlayın” (1979) filmlərində də çəkilib. Sovet kinosunu seyr etməyi sevənlər bu aktrisanı məşhur gürcü filmi “Qəm yemə!” (1969) lentindəki Knyaginya obrazını da xatırlayırlar. Hazırda sənətdən uzaqlaşmış ahıl aktrisa Tbilisidə yaşayır, qapalı həyat tərzi keçirərək yalnız doğmaları ilə vaxt keçirir. 

Nonanın atası – şahmatçı Ruben Boqdanov rolunda çəkilmiş Aşot Nersesyan (1904-1984) “Romeo mənim qonşumdur” filmindən başqa bizim “26-lar” və “Ulduzlar sönmür” filmlərində epizodik rollara çəkilib.

Heç şübhə yox ki, “Romeo mənim qonşumdur” filminə kolorit qatan obrazlardan biri də Stelladır. Bu qəliz obrazı canlandıran aktrisa Nadejda Samsonova (1924-2010) epizodik rollar ustası kimi məşhurlaşıb. O, SSRİ-nin müxtəlif kinostudiyalarında 200-dən artıq xarakterik rollar oynayıb, Moskva kinostudiyalarında yüzlərlə filmin rus dilində səsləndirilməsində iştirak edib.

“Romeo mənim qonşumdur” əsərini komediyaya çevirən ikinci əsas obraz isə Kolumb Xristoforoviç rolunda çəkilmiş məşhur gürcü aktyoru İppolit Xviçia (1910-1985) sayılır. Azərbaycan tamaşaçısı bu aktyoru çox sevdiyimiz “Mimino” filmindəki kepka tikən fırıldaqçı dərzi rolunda da görüb. 

Maraqlıdır ki, “Romeo mənim qonşumdur” filmində çəkilmiş daha bir sənətçi – Şura rolunun ifaçısı Mikaela Drozdovskayanın (1937–1978) da taleyi “Mimino” filmindən keçib. Aktrisa bu filmdə Nuqzarın həyat yoldaşı rolunda çəkilib. Cəmi iki dəfə ekranda görünən gözəl aktrisanın taleyi gətirməyib. 1978-ci ildə Vladiqafqazda çəkilişdə olarkən bədbəxt hadisə zamanı yanaraq həlak olub.

Biz “Romeo mənim qonşumdur” filmində əsas rollarda cəmi üç Azərbaycan sənətçisi çəkilib deyərkən ola bilsin ki, kimsə bizə irad tutsun ki, bəs Murik?

Dövrünün əsl stilyaqalarının oxşarı olan Murik rolunda gənc sənət həvəslisi Səlim Vəkilov çəkilib. Neft və Kimya İnstitutunun tələbəsi olan Səlim eyni zamanda Adil İsgəndərovun kino-aktyor məktəbinin ilk tələbələrindən olub. Çox yaxşı aktyor fakturası olmasına baxmayaraq, o öz taleyini tamam fərqli istiqamətə yönəldib. Deyilənə görə, bir sevgi macərasının ardınca Polşaya mühacirət edib və orada qalıb.

***

Hərdən adama elə gəlir ki, “Romeo mənim qonşumdur” filmi lap çoxdanın filmidir. Çünki oradakı simalar, arzular, sevgi izharları, situasiya adama uzaq gəlir.

Amma ekran əsərinin saundtrekini, Rəşid Behbudovun ifasındakı “Sevgilim”, Mirzə Babayevin “İki qəpikdir fincanı”, “Yarın özünə qurban olum” mahnılarını eşitmək kifayətdir ki, bu filmin lap cavan olduğunu düşünəsən. Belə baxanda 60 yaş film üçün nədir ki…

Gülcahan Mirməmməd