Noyabrın 28-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın 3 illik fəaliyyətinin yekunlarına həsr olunmuş iclas keçirilib.

Qərargahın rəhbəri Samir Nuriyev iclası açaraq Azərbaycan Respublikası Prezidentinin məqsədyönlü, ardıcıl və müdrik siyasəti nəticəsində 2020-ci ilin noyabrında torpaqlarımızın işğaldan azad edilməsi ilə ölkəmizin və bütövlükdə regionun yeni strateji inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb. Qeyd edib ki, 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri tərk-silah edilib, onların hərbi infrastrukturu zərərsizləşdirilib, işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycan Respublikasının Konstitusiya quruluşu və suverenliyi tam bərpa olunub. Bu gün Azərbaycan xalqı öz tarixinin ən şanlı və qürurverici dövrünü yaşayır.

Samir Nuriyev ötən 3 ildə dövlətimizin başçısının verdiyi tapşırıqlara əsasən, işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı bərpa-quruculuq layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, bu sahədə qarşıya qoyulmuş vəzifələrin icrasında səmərəlilik, hesabatlılıq, qurumlararası qarşılıqlı kommunikasiya, operativlik Əlaqələndirmə Qərargahının fəaliyyətinin əsas prinsipləri olub.

Sonra antiterror tədbirləri nəticəsində suverenliyin bərpa edildiyi ərazilərdə zəruri məsələlərin həlli istiqamətində görülən işlər, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində ərazilərdə həyata keçirilən işlərin cari vəziyyəti, geri qayıdan əhalinin məskunlaşmasının, təhlükəsizliyinin və dayanıqlı məşğulluğunun təmin edilməsi, azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin və rəqabətqabiliyyətli aqrar istehsalın təşkili ilə bağlı məruzələr dinlənilib.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi sahəsində aparılan işlərə dair məruzə təqdim edilib.

Müvafiq ərazilər üzrə görülən işlərin cari vəziyyəti barədə məlumatlar da dinlənilib, tapşırıqlar verilib.