“Yaradıcı həftə” çərçivəsində forum keçirilir

 “Digər sahələr kimi, yaradıcı sənayelərlə də bağlı yol xəritəsi müəyyən etməliyik”

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 27-dən dekabrın 3-dək “Yaradıcı həftə” keçirilir. Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar reallaşan layihənin məqsədi mədəniyyət və yaradıcı sənayelərin vahid sahə kimi formalaşmasının və bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, o cümlədən sahəvi klasterləşmənin təşviqidir.

Zəngin proqramı olan “Yaradıcı həftə” çərçivəsində 28-30 noyabr tarixlərində Heydər Əliyev Mərkəzində Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçirilir.

Forum ekosistem oyunçuları arasında qarşılıqlı əməkdaşlıq perspektivlərinin və mövcud problemlərin müzakirəsi, yaradıcı sənaye sahəsinin kompleks şəkildə inkişaf imkanlarının araşdırılması məqsədilə təşkil olunur.

Noyabrın 28-də forumun açılış mərasimi keçirildi. Tədbirdə dövlət rəsmiləri, müvafiq qurumların nümayəndələri, mədəniyyət işçiləri və digər qonaqlar iştirak edirdilər.

Əvvəlcə qonaqlar forum müddətində kreativ məhsulların və yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə təşkil edilən Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi (MY EXPO–2023) ilə tanış oldular.

Sərgi kino, animasiya, musiqi, cultech (mədəniyyət sahəsində startaplar), gametech (oyun texnologiyaları), dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkan və regionları bir araya gətirib.

Açılış mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirdi ki, yaradıcı sənayelər mədəniyyətin vacib sahələrindən biridir: “Mədəniyyət Nazirliyi olaraq noyabrın 27-dən dekabrın 3-dək “Yaradıcı həftə” elan etmişik. Həftə çərçivəsində müxtəlif tədbirlər təşkil olunacaq. Mədəniyyət və Yaradıcı Sənayelər Forumu da həftənin əsas tədbirlərindən biridir. Forumdan gözləntimiz mədəniyyətin digər sahələri kimi, yaradıcı sənayelərin müxtəlif sahələrini müzakirə etmək, gələcək çağırışları üzərində işləmək və yol xəritəmizi müəyyən etməkdən ibarətdir”.

Nazir bildirdi ki, dövlət tərəfindən bu sahəyə xüsusi yanaşma mövcuddur. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda mədəniyyət və yaradıcı sənayelərə xüsusi yer ayrılıb. Bu, dövlətin mədəniyyət və yaradıcı sənaye sahəsinə nə dərəcədə önəm verdiyinin göstəricisidir: “Düşünürük ki, forumun bu kontekstdə böyük əhəmiyyəti olacaq. Forum müddətində Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi də təşkil olunur. Məqsəd mədəniyyət və yaradıcı sənayelərin əhatə etdiyi sahələri əyani şəkildə göstərməkdir”.

Diqqətə çatdırıldı ki, forumda 7 paneli əhatə edən müzakirələr olacaq, 3 dəyirmi masa keçiriləcək. Həmçinin həftə çərçivəsində “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsi təşkil ediləcək. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 10 yaradıcı klaster üzrə Quba, Bakı, Sumqayıt, Lənkəran, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki,  Şamaxı və Şuşada ümumilikdə 100 tədbirin keçirilməsi nəzərdə tutulur.

Nazir çıxışının sonunda forumun işinə uğurlar arzuladı.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ölkə iqtisadiyyatı üçün yeni yanaşmalardan hesab edilən mədəniyyət və yaradıcı sənayelərə həsr olunan forumun əhəmiyyətini yüksək qiymətləndirdi, layihənin təşkilində əməyi keçənlərə təşəkkürünü bildirdi.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa Mədəniyyət Nazirliyi tərəfindən il ərzində mədəniyyətin müxtəlif sahələri üzrə keçirilən forumların əhəmiyyətindən danışdı. Dedi ki, bu cür forumlar müvafiq sahələrdə maraqlı tərəflər üçün bir yol xəritəsi müəyyən edir.

Çıxışlardan sonra forum işini panel sessiyalarla davam etdirdi.

Nurəddin Məmmədli