Bənzərsiz yaradıcılığı ilə Azərbaycanın musiqi mədəniyyətinin inkişafına mühüm töhfələr vermiş görkəmli bəstəkar, pedaqoq, SSRİ Xalq artisti Arif Məlikovun (1933-2019) 90 illiyi ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunur.

Bu münasibətlə daha bir tədbir noyabrın 24-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) keçirildi. Tədbirdə çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın Orta ixtisas məktəb-studiyasının elmi-metodiki işlər üzrə direktor müavini Aytən İbrahimova bəstəkarın Azərbaycan musiqisinin hüdudlarını beynəlxalq miqyasda daha da genişləndirdiyini bildirdi. Qeyd etdi ki, Arif Məlikovun çoxşaxəli yaradıcılığında balet və simfonik musiqi ilə bərabər, kamera-instrumental, kamera-vokal əsərləri də önəmli yer tutur. Bəstəkarın pedaqoji  fəaliyyəti ilə bərabər təsviri incəsənətlə də yaxından maraqlanması, musiqi əsərləri ilə vəhdət yaratması dinləyicilərin diqqətinə çatdırıldı.

A.İbrahimova bəstəkarın görkəmli türk şairi Nazim Hikmətlə olan əməkdaşlıq və münasibətindən də söz açdı, şairin “Sən yanmasan, mən yanmasam, biz yanmasaq, necə çıxar qaranlıqlar aydınlığa?” fikrini xatırlatdı.

Yeri gəlmişkən deyək ki, bəstəkarın yetirmələrindən olan A.İbrahimovanın bu il  “Arif Məlikov: tarix və müasirlik” adlı kitabı çapdan çıxıb və təqdimatı keçirilib. Yeni nəşr böyük musiqi xadiminin 90 illik yubileyinə qiymətli töhfədir.

Tədbirdə A.Məlikov musiqisinin müşayiəti ilə qiraətçi Hüseynağa Aslanov tərəfindən Nazim Hikmətin şeirlərinin səsləndirilməsi maraqla qarşılandı. Sərgidə isə rəssamlar – Könül Hüseynzadə, Şəfiqə Yusupova, Turan Ataşova, Kristina Sultanovanın rəsm əsərlərinin nümayişi A.Məlikov xatirəsinə ehtiram hissini ifadə edirdi.

Konsertdə BMA-nın İxtisas fortepiano kafedrasının baş müəllimi Zərif Kərimova (piano), digər ifaçılar Nərgiz Əliyeva (fleyta), Ülviyyə Kazımova (piano), Renata Abubəkirovanın (violin) ifasında A.Məlikovun “Məhəbbət əfsanəsi” baletindən “Monoloq”, “Rəqs”, “Noktürn”, həmçinin “İki qəlbin dastanı” baletindən “Komdenin arzuları”, “Qızların rəqsi”, fleyta və orkestr üçün “Konsertino”, fortepiano pyesləri – “Üç vals”, “Zarafat”, “Noktürn”, “Təzadlar” dinləyicilərə unudulmaz ovqat bəxş etdi.

Məlikovun yaratdığı şahzadə qızın obrazında cavabsız qalan məhəbbəti üzündən qəlbinin peşmanlıq hissi, etirazı “Monoloq”da dərin ifadəsini tapdı.  Sadə üçhissəli quruluşda təzadlı hisslərin təcəssümü təsirli səslənirdi. Kədərli əhval bəxş edən “Noktürn”ün ardınca “Rəqs”in təsirli musiqisi konsert proqramına rəngarənglik verdi. Fortepiano üçün yazılan pyeslərində insanın daxili aləminin təlatümünü duyur, “Vals”ın ağır, marşvarı akkordlarının müşayiətində isə musiqinin mübariz ruhunu hiss edirdik.

“Konsertino” əsərində tamaşaçılar fleytada bəstəkarın lirik melodiyasının hüdudsuzluğuna, “Komdenin arzuları”nda isə ülvi məhəbbətin bənzərsiz tərənnümünə bir daha şahid oldular.

Konsert-sərgi bəstəkarın emosional musiqi dramaturgiyası ilə seçilən iki fortepiano üçün “Skerso” əsəri ilə tamamlandı.
Yubiley tədbirində rəssamlar Könül Hüseynzadə, Şəfiqə Yusupova, Turan Ataşova, Kristina Sultanovanın əsərlərindən ibarət sərgi də iştirakçılar tərəfindən maraqla qarşılandı.                                                                        

Tutu Hüseynova
BMA-nın Məktəb-studiyanın müəllimi, musiqişünas