Noyabrın 29-da AMEA-nın Ümumi yığıncağı keçirilir. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş və icraçı direktorları, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

Ümumi yığıncaqda akademik İsa Həbibbəylinin “AMEA-da yeniləşmə prosesləri: struktur islahatlarından elmi-tədqiqatların yenidən təşkilinə, elektron hərəkata və beynəlxalq elmi qurumlarda təmsil olunmağadək” mövzusunda məruzəsi dinlənilib.

AMEA rəhbəri qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasəti nəticəsində Azərbaycan regionda və dünyada böyük nüfuz qazanıb, öz sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub.

Akademik İsa Həbibbəyli bildirib ki, hazırda elmin inkişafı dövlətin 2030-cu ilə qədərki müddəti əhatə edən inkişaf proqramlarında, rəsmi sənədlərində əsas strateji hədəflərdən biri olaraq qəbul edilir və nəzərdə tutulan müddət ərzində elmin müxtəlif sahələri üzrə tədqiqatların genişləndirilməsi, müasir təfəkkürlü və kreativ düşüncəli gənclərin elmi araşdırmalara cəlb edilməsi, elmi tədqiqatların rəqabətli və məqsədli maliyyələşdirilməsi mexanizminin yaradılması, texnologiyaların kommersiyalaşdırılması, innovativ inkişafda onların prioritetliyinə nail olunması planlaşdırılır.

Dövlət siyasətinə uyğun olaraq, 2022-ci ilin sonlarından başlayaraq AMEA-da yeni islahatlara start verildiyini deyən akademik İsa Həbibbəyli bu islahatların, əsasən, ictimai və humanitar profilli elmi müəssisələrdən ibarət akademiyanın dövlətin ideoloji və mədəni-mənəvi siyasətinin həyata keçirilməsindəki rolunun artırılmasına, Azərbaycan xalqının etnogenezinin, arxeologiyasının, etnoqrafiyasının, dilinin, folklorunun, ədəbiyyatının, maddi və qeyri-maddi mədəni abidələrinin, qədim əlyazmalarının, mədəniyyətinin, incəsənətinin, milli-memarlıq məktəblərinin, tarixinin, müasir çağırışlar, nəzəri-metodoloji və sosial-antropoloji baxışlar, o cümlədən azərbaycançılıq prinsipləri əsasında araşdırılmasına yönəldiyini bildirib.

Qeyd olunan elmi istiqamətlərə uyğun olaraq bir sıra digər elmi-təşkilati tədbirlərin də həyata keçirildiyini deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, beynəlxalq elmi əlaqələrin yeni ideoloji əsaslar üzərində qurulması, xüsusən türkdilli ölkələr və onların elmi qurumları ilə əlaqələrin gücləndirilməsi, akademiyanın nüfuzlu beynəlxalq qurumlara üzvlüyünün təmin edilməsi, elmi istiqamətlərlə elmi müəssisələrin strukturu arasında optimal struktur modellərinin müəyyənləşdirilməsi, paralelliklərin aradan qaldırılması qeyd olunan təşkilati tədbirlər sırasına daxildir.

Elm və təhsilin inkişafı ilə bağlı ən mühüm hadisələrdən birinin Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanı olduğunu bildirən akademik İsa Həbibbəyli sözügedən sənədin icrasından irəli gələn məsələlərin həlli məqsədilə AMEA-nın Rəyasət Heyətinin və AMEA-nın Ümumi yığıncağının müvafiq qərarlar qəbul etdiyini, kompleks tədbirlər həyata keçirdiyini söyləyib.

Həmçinin qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı AMEA-nın tədbirlər planı çərçivəsində Heydər Əliyev irsinin tədqiqi, çoxsaylı tədbirlərin keçirilməsi, müxtəlif nəşrlərin reallaşdırılması istiqamətində mühüm işlər görülüb. Bu istiqamətdə, o cümlədən “Heydər Əliyev: lider, zaman və müasirlik” mövzusunda AMEA-nın Ümumi yığıncağının xüsusi iclası keçirilib, “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanmasına başlanılıb.

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək regionda və dünyada böyük nüfuz qazandığı bir dövrdə dövlət siyasətinin mühüm prioritetlərindən birini Qərbi Azərbaycana qayıdış konsepsiyası təşkil edir. Bu dövlət siyasəti bütün digər qurumlarla yanaşı, AMEA qarşısında da bir sıra yeni vəzifələr müəyyənləşdirir. AMEA-da Qərbi Azərbaycanla bağlı kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Əlaqələndirmə şurası tədbirlər planı hazırlayıb. Həmçinin AMEA-nın Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru, Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi, Nəsimi adına Dilçilik İnstitutunda isə Qərbi Azərbaycan toponimlərinin tədqiqini nəzərdə tutan Toponimika şöbələri yaradılıb”, - deyə AMEA prezidenti diqqətə çatdırıb.

AMEA-da başlanan və sürətlə davam etdirilən Elektron akademiya hərəkatının həyata keçirilməsi üçün aparılan elmi-təşkilati işlərin struktur islahatlarının miqyasını daha da genişləndirdiyini deyən akademik İsa Həbibbəyli hazırda AMEA-nın özünün yeniləşmə hərəkatı mərhələsini yaşamaqda olduğunu vurğulayıb. O xatırladıb ki, AMEA Rəyasət Heyətinin 2023-cü il 18 yanvar tarixli qərarı ilə AMEA Rəyasət Heyəti aparatının strukturunda daxili imkanlar hesabına Elmlər Akademiyaları sistemində ilk dəfə olaraq Elektron akademiya şöbəsi yaradılıb.

İsa Həbibbəyli həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini beynəlxalq əlaqələrin müasir tələblər səviyyəsində yenidən qurulmasının təşkil etdiyini deyib.

Akademik İsa Həbibbəyli ölkə başçısı tərəfindən AMEA-nın yeni Nizamnaməsinin təsdiq edilməsinin 80 ilə yaxın şərəfli bir inkişaf yolu keçmiş və bütün dövrlərdə ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafına mühüm töhfələr vermiş Elmlər Akademiyasının müasir dövrdə, ölkəmizin dünyada və regionda geosiyasi və iqtisadi arxitektonikanın müəyyənləşməsində əsas faktora çevrildiyi bir vaxtda yeni tərəqqi mərhələsinə qədəm qoyması baxımından mühüm əhəmiyyətə malik olduğunu deyib.

Ümumi yığıncaqda “Azərbaycan Milli Elmlər Akademiyasına seçkilərin təşkili və keçirilmə qaydası haqqında Əsasnamə” təsdiq edilib.

Daha sonra çıxışlar dinlənilib.

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, ali təhsil müəssisələri ilə elmi müəssisələrin, eləcə də elmlə istehsalatın inteqrasiyası, elmi nəticələrin kommersiyalaşdırılması, elmi məqalələrə istinadların sayının çoxaldılması, elmi nəticələrin beynəlxalq məkana çıxarılması, doktorantura pilləsi üzrə təhsilin təkmilləşdirilməsi, maliyyələşmə alqoritmlərinin işlənib-hazırlanması bu gün nazirliyin qarşısında duran başlıca məqsədlərdəndir. Emin Əmrullayev, həmçinin alimlərin fəaliyyətinin stimullaşdırılması, nəticəyə uyğun maliyyələşdirilməsi, layihə və qrantlara önəm verilməsi kimi məsələləri diqqətə çatdırıb. Eyni zamanda, dövlətimizin başçısının Sərəncamı ilə yaradılmış Qarabağ Universitetində tədrisin qısa zamanda təşkili üçün bütün mümkün resurslardan istifadə olunacağını söyləyib.

Sonra çıxış edən Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri professor Dərya Örs AMEA ilə əməkdaşlığın sıx olduğunu qeyd edib. Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsinin bütün Türk dünyasında sevinclə qarşılandığını deyən Dərya Örs həmin günlərdə AMEA-nın və Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumunun təşkilatçılığı ilə Beynəlxalq Oğuz Türkcəsi konfransının keçirildiyini xatırladıb.

Ümumi yığıncaqda, həmçinin AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva, AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış ediblər.

Çıxışlardan sonra bir sıra təşkilati məsələlərə baxılıb. AMEA-nın Ümumi yığıncağı AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu adlandırılması, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun isə AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu adlandırılması haqqında Nazirlər Kabineti qarşısında vəsatət qaldırıb.

Ümumi yığıncaqda Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib.

Bundan əlavə, Ümumi yığıncaqda AMEA-nın regional elmi bölmələrinin sədri vəzifəsinə seçkilər keçirilib. Akademik İsmayıl Hacıyev AMEA-nın Naxçıvan Bölməsinin, akademik Fuad Əliyev isə AMEA-nın Gəncə Bölməsinin sədri vəzifəsinə seçiliblər.

Daha sonra bir sıra cari məsələlərə baxılıb. AMEA-nın Elm Tarixi İnstitutunun, AMEA-nın nəzdində “Elm və Texnologiya Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin, AMEA-nın Mərkəzi Nəbatat Bağının, AMEA-nın Təmir-tikinti və quraşdırma idarəsinin, AMEA-nın təsərrüfat hesablı Avtobazasının, AMEA-nın Mineral Xammalın Kompleks Emalı üzrə Təcrübə İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Bürosunun və AMEA-nın “Selen” Elmi İstehsalat Birliyinin ləğv edilməsinin rəsmiləşdirilməsinin başa çatdırılması haqqında qərarlar qəbul olunub.