Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Yaradıcı həftə” maraqlı proqramla davam edir.

Noyabrın 30-da həftə çərçivəsində Heydər Əliyev Mərkəzində “Musiqi sənayesi platforması” adlı tədbir keçirildi.

Platformanın təşkilində əsas məqsəd son illərdə bu sahədə mövcud olan trendləri müzakirə etmək, musiqi sənayesinin inkişafı üçün potensial addımları müəyyən etmək, həmçinin bu istiqamətdə beynəlxalq təcrübəni araşdıraraq ölkəmizdə tətbiqi imkanlarını öyrənməkdir.

Platforma çərçivəsində “Rəqəmsal dövrdə musiqi sənayesi ekosisteminin formalaşdırılması” mövzusunda panel sessiya keçirildi.

Bəstəkar, prodüser İsa Məlikovun moderatorluğu ilə gerçəkləşən paneldə çıxış edən reper Elşad Xose Azərbaycan musiqi sənayesinin problemlərinə toxundu və bu sahənin inkişafı ilə bağlı fikirlərini bölüşdü.

Reper, prodüser Pərviz İsaqov (Promete) Azərbaycan musiqisinin təbliği mövzusunda çıxış etdi. Bildirdi ki, artıq ölkəmizdə rəqəmsal musiqi platformasından istifadə olunur. Rəqəmsal platformada musiqi dinləmək üçün insanlara seçim vermək lazımdır.

Tanınmış müğənni, Əməkdar artist Sevda Ələkbərzadə televiziya və radio efirlərində professional musiqiçiləri görmək və dinləmək istədiyini dedi.

Cazmen, bəstəkar və pianoçu Etibar Əsədli Azərbaycan musiqi sənayesi ilə xarici ölkələrin musiqi sənayesi arasındakı fərqlərdən söz açdı.

DJ Orxan Ağayev (DJ Pancho) ölkəmizdə elektron musiqi sahəsində olan problemlərdən danışdı. Vurğulandı ki, elektron musiqi sənətini inkişaf etdirmək istəyiriksə, bu istiqamətdə təhsilə daha çox diqqət ayırmalıyıq.

Sonda tədbir iştirakçılarının sualları cavablandırıldı.

***

“Musiqi sənayesi platforması”nın növbəti paneli “Milli musiqi məhsulunun beynəlxalq platformalarda rəqabətliliyinin artırılması” mövzusuna həsr olunmuşdu.

Əməkdar mədəniyyət işçisi Leyla Quliyevanın moderatorluğu ilə reallaşan paneldə çıxış edən “Avroviziya” mahnı müsabiqəsində Norveç nümayəndə heyətinin rəhbəri olmuş Stiq Karlsen Azərbaycanda olmağından məmnunluğunu ifadə etdi. Söylədi ki, Azərbaycan musiqisini dinləyəndə onun sehrinə qapılmamaq mümkün deyil.

Danimarkalı prodüser Karolina Vallexo “Avroviziya” müsabiqəsi ilə bağlı öz təcrübələrini bölüşdü.

Bəstəkar, prodüser İsa Məlikov Azərbaycan musiqisinin xarici ölkələrdə təbliği məsələlərindən danışdı.

2011-ci ildə “Avroviziya”da ölkəmizə birincilik qazandırmış (Eldar Qasımovla birgə) müğənni Nigar Camal uğur hekayəsindən bəhs etdi.

“ADAM” media şirkətinin (Qazaxıstan) nümayəndəsi Aybek Moldabayev qurumun fəaliyyətindən, “Avroviziya” müsabiqəsi ilə bağlı həyata keçirilən layihələrdən söz açdı.

Çıxışlardan sonra mövzu ilə bağlı suallar cavablandırıldı, təkliflər ətrafında fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, “Musiqi sənayesi platforması” üzrə panel sessiyaların davamı olaraq dekabrın 1-də Beynəlxalq Muğam Mərkəzində “Avroviziya” mahnı müsabiqəsi ilə bağlı müzakirələr (“Global Music Talks”) təşkil olunacaq. Tədbirdə bu yarışmada əldə olunan uğurlar, gələcək planlar və ümumiyyətlə, bu kimi beynəlxalq musiqi müsabiqələrinin Azərbaycanın musiqi sənayesinə təsirindən danışılacaq.

N.Məmmədli