Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində dahi şair Nizami Gəncəviyə həsr olunan ədəbi-bədii xoreoqrafik musiqili gecə keçirilib.

Filarmoniyadan bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Gəncə Dövlət Filarmoniyasının foyesində Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən fotosərgi, şairə həsr olunmuş kitablar, rəsm əsərləri ilə tanış olublar.

Gecədə Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr edilmiş teatrlaşdırılmış səhnələr, onun sözlərinə bəstələnmiş romanslar yer alıb.

Ədəbi-bədii xoreoqrafik musiqili gecədə Gəncə Dövlət Dram Teatrının aktyorları, Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri və solistləri, "Göygöl" Dövlət Mahnı və Rəqs ansamblı çıxış ediblər.

İlk dəfə “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində keçirilən gecə geniş tamaşaçı kütləsi tərəfindən böyük maraqla qarşılanıb.