“REAL Təhlil və İnformasiya Mərkəzi” MMC-nin baş direktoru Mirşahin Ağayev Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələrinə “Təhlildə subyektiv və obyektiv mülahizələrin yanaşı işlənməsi” mövzusunda ustad dərsi deyib.

Bu barədə BDU-dan məlumat verilib.

BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli çıxış edərək fakültənin məzunu olan Mirşahin Ağayevin bu gün Azərbaycan mediasında öz sözünü deməyə qadir və peşəkar bir jurnalist olduğunu, fakültənin daim belə məzunları ilə qürur duyduğunu bildirib.

Ustad dərsində Mirşahin Ağayev xəbərlərin təhlili zamanı obyektiv və subyektiv yanaşmaların nəzərə alınmasının vacibliyini qeyd edib, dövlət, vətəndaş və milli maraqların birlikdə təmsilinin jurnalist fəaliyyətində əsas faktorlar olduğunu deyib. Bildirilib ki, müasir Azərbaycan teleməkanında əsas ehtiyac duyulan məsələ düzgün proqnozların verilməsidir. Bu, təbii ki, keçmişin və bu günün nəticələrinin sintezli təhlilini ortaya qoyur. Təhlil aparmaq və ictimaiyyəti yanlış yönləndirməyəcək şəkildə təqdim etmək isə dəqiqliyin, qərəzsizliyin və operativliyin göstəricisidir. Bununla yanaşı, günümüzdə əsas xəbər mənbəyinə çevrilmiş sosial şəbəkə vasitələri həyatımızda müsbət və mənfi tendensiyalar doğurmaqdadır. Bu isə informasiya kirliliyinə və manipulyasiyaya səbəb olur. Jurnalistlərin əsas vəzifəsi burada balanslaşdırılmış şəkildə gerçək faktları ortaya qoymaq, həqiqəti tam reallığı ilə təqdim etməkdir.

Tanınmış jurnalist BDU-nun Jurnalistika fakültəsinin mediamızdakı önəmindən də söz açaraq, praktik bacarıqların nəzəri biliklər üzərində möhkəmlənməsinin zəruriliyini diqqətə çatdırıb, tələbələrə gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Mirşahin Ağayev tələbələri maraqlandıran sualları cavablandırıb.

***

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri üçün Azərbaycan Dövlət Televiziyasının əməkdaşı Vüsal Mətləb tərəfindən “Xəbər nədir? O necə hazırlanmalıdır?” mövzusunda təlim keçirilib.

BDU-dan bildirilib ki, təlimçi öncə bir zamanlar təhsil aldığı fakültədə yenidən tələbələrlə görüşün xoş olduğunu qeyd edib. Sonra xəbərin formulu, strukturu, yazılma qaydaları müxtəlif xəbər agentliklərinin materialları əsasında konkret nümunələrlə şərh olunub. İnformasiya sənayesinin sürətlə inkişaf etdiyi müasir dövrdə xəbər istehsalının spesifik xüsusiyyətlərini izah edən Vüsal Mətləb ilkin məlumatın əldə edilməsi, emalı və ötürülməsi prosesi barədə tələbələrdə geniş təsəvvür yaradıb, xüsusilə özünün bu sahədəki təcrübəsini bölüşüb. Eyni zamanda, müasir informasiya məkanında səhih xəbərlərlə yanaşı, yalan, təhrif olunmuş xəbərlərin də mediada özünə asanlıqla yer tapdığını, bu tendensiyanın bütün dünyada geniş yayıldığını bildirib: “Bu kimi halların vüsət almaması üçün hər hansı xəbər ilkin və etibarlı mənbədən alınmalı, eyni zamanda, informasiyanın mahiyyətinə uyğun müvafiq rəsmi qurumlarla dəqiqləşdirmə aparılmalıdır. Həmçinin xəbərin mahiyyətinə uyğun olaraq qarşı tərəflərin mövqeyi xəbərdə əks olunmalıdır”.

Təlim zamanı reportyorun hadisə yerində işləmək bacarıqları və vərdişləri, təhlükəli zonalarda çalışmaq riskləri, operativ və qərəzsiz xəbər çatdırma üsulları kimi mühüm məsələlərə toxunulub.

İnteraktiv formada keçirilən təlimdə tələbələrə xəbərin əldə olunması, hazırlanması və ötürülməsi barədə konkret tapşırıqlar verilib, onların cavabları müvafiq şəkildə qiymətləndirilib və mövzu ilə bağlı suallar cavablandırılıb.