Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) tələbələr üçün maarifləndirici tədbir təşkil olunub.

Bu barədə institutdan məlumat verilib.

Tədbirdə bildirilib ki, mediasiya mübahisələrin məhkəmədənkənar həlli üsuludur. Mediasiya institutu Azərbaycanın məhkəmə hüquq sistemi üçün yenilikdir. Qurum mülki, ailə, əmək məsələləri üzrə insanlararası sülhyaratma təşəbbüsüdür.

Mediator Sadiq Bağırov “mediasiya” anlayışı haqqında ümumi məlumat verib. Ölkəmizdə 2019-cu ildə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyini diqqətə çatdıran təlimçi mediasiyanın mübahisələrin alternativ həlli yollarından biri olduğunu, cəmiyyətdə qarşımıza çıxan problemlərin həllində, münaqişələrin yoluna qoyulmasında və gərginliyin azaldılmasında böyük rol oynadığını bildirib.

Təlimçilər Gültəkin Məmmədova və Mayıl Bayramov Mediasiya Şurası haqqında danışıblar. Bildirilib ki, şuranın başlıca vəzifəsi qısa müddətdə mübahisələrin həll edilməsini, hüquqşünaslar tərəfindən hüquqların operativ, dürüst və vicdanla qorunmasını təmin etməkdən ibarətdir.

Sonra mediasiyanın inkişaf perspektivləri haqqında, eləcə də Azərbaycanda mediasiyanın tətbiqi ilə bağlı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.