Bakı Dövlət Universitetində (BDU) tanınmış aktyor və rejissor, Xalq artisti, Türkiyənin Adana Çukurova Universitetinin professoru Cahangir Novruzov ilə görüş keçirilib.

Bu barədə BDU-dan məlumat verilib.

Görüşdə BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev milli-mənəvi, mədəni dəyərlərin qorunmasında belə görüşlərin önəmini vurğulayıb, suveren, ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycanın çiçəklənməsində gənclərin böyük rola malik olduğunu qeyd edib. O bildirib ki, il ərzində BDU-da müxtəlif mədəni-kütləvi proqramlar təşkil olunur, tanınmış mədəniyyət xadimləri ilə görüşlər keçirilir.

Cahangir Novruzov nüfuzlu ali təhsil ocağının tələbələri ilə görüşün təşkilinə görə təşəkkürünü bildirib. Tanınmış sənətkar milli kino və teatr sənətinin hazırkı durumu, inkişaf perspektivləri, sənətə gəlişi, çəkildiyi filmlər, tamaşalarda yaratdığı obrazlar, Türkiyədəki fəaliyyəti barədə danışıb. O, Azərbaycanda yaşadığı dövrdə tamaşa və kinolarda çəkilişlər zamanı yaddaqalan məqamlarla bağlı xatirələrini də gənclərlə bölüşüb, onlara öz tövsiyələrini verib.

Sonra tələbələrin sualları cavablandırılıb.