Azərbaycan teatr tamaşaçısına, sənətə vəfalı zümrəyə onun adı və imzası yaxşı tanışdır. Uzun illərdir əsərləri sərasər teatr səhnələrində qoyulur. “Dramaturq teatrda yetişir” prinsipi ilə yanaşsaq, bəli, onu da teatrda yetişən hesab etmək olar...

Həmsöhbətimiz yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi, professor Əli Əmirlidir.

 

– 75. Hər halda, qulağa cazibədar gəlir...

– Yaxşı təsəllidir, amma 75 yaşın, sizin dediyiniz cazibəsindən başqa bir diksindirməyi də var, başa düşürsən ki, keçmişin çox, gələcəyin azdır. Əslində, bu yaşa çatmış adam şükür eləməlidir ki, bu qədər yaşayıb, bacardığını eləyib, həyatdan kifayət qədər zövq alıb. Keçmiş haqqında az düşünürəm, keçmişə qovuşmuş günlərin xiffətini çəkməməyə çalışıram. Axı onu nə dəyişə, nə redaktə eləyə bilərsən. Gələcək üçün də möhtəşəm planlar qurmuram. Çünki gələcək sənin üçün gəlməyə də bilər, odur ki, bu günlə yaşamağı sevirəm.

 

– Adətən, “heç bilmədim bu yaşa necə gəldim” ilə başlayır 70-dən sonrakı illər. Məncə, sizdə dramaturji xətt hakim olduğundan pərdələr, şəkillər arasındakı rabitəni də sabit qurmusunuz. Yoxsa, yanılıram?

– Sizin dediyiniz kompozisiya məsələsidir, pyesdə, ssenaridə kompozisiyanı dramaturq qurursa, real həyatda fərqlidir. Voland demiş, əgər sən gələcək həyatının necə olacağını planlaşdıra bilmirsənsə, hansı ardıcıl gələn şəkildən, pərdədən danışırsan? Bununla belə, fikrimcə, insan taleyini əsasən özü yaradır, Allahın verdiyi ağılla, fərasətlə, istedadla.

 

– Həyatda olduğu kimi, sənətdə də, ədəbiyyatda da heç də hər şey düz xətt üzrə getmir. Belə məqamlarda istinad nöqtəniz maraqlıdır.

– Xoşbəxtlikdən ədəbiyyata, çox çətin yaradıcılıq sahəsi olan teatra gəlişim daha çox yüksələn xətt üzrə davam edib, müvəqqəti ziqzaqlar olub, amma bu məni ruhdan salmayıb, belə məqamlarda istinad nöqtəm səbir, hövsələdir. Mənim gileyləndiyimi, şikayətləndiyimi heç kəs nə eşidib, nə görüb. Ölkənin baş teatrı “Azdrama”da otuz ildən çoxdur pyeslərim repertuardadır. Bir məqam oldu ki, repertuarda 3 əsərim olsa da, ilyarım teatra getmədim. Sonra yeni gəlmiş direktorla təsadüfən bir görüş oldu. O dedi ki, mən sizdəki səbrə-hövsələyə təəccüb eləyirəm. Mən də dedim, bu teatrda 6 əsərim oynanılıb, 7-ci oynanmasa nə olacaq? Bu söhbət “Şah Qacar”ın tamaşaya qoyulması ərəfəsində olmuşdu. Həmin tamaşa artıq 11 yaşına qədəm qoyur.

 

– Çağdaş dramaturgiyamızda əsərləri ən çox səhnəyə qoyulan müəllif kimi, Azərbaycan teatr prosesini də ən yaxşı analiz imkanınız var. Bu mənada təyininiz necədir?

– Mövcud teatr prosesi bütövlükdə ətalətdən, durğunluqdan çıxmağa çalışır. Bu prosesdə teatrı sevən tamaşaçıların istəyi və zövqü, fikrimcə, həlledici rol oynayır. Onu da deyim ki, tamaşaçı, xüsusilə gənc tamaşaçı fəhmlə yaxşını pisdən ayıra bilir. Hələlik ənənəvi teatr havası hakim olsa da, teatr şəxsən mənə məlum olmayan yeni bir yaşam (inkişaf deməkdə tərəddüd edirəm) tərzinə hamilədir. Nə doğulacaq, tam məlum deyil, amma konturları görünür. Teatrda kinoda olduğu kimi plastika, hərəkət, kompüter texnikası, deyəsən, sözü səhnədən sıxışdırıb çıxarır.

 

– Nitsşe deyir ki, məsələ əbədi həyatda yox, əbədi həyatilikdədir. Bu mənada dramaturgiya nə dərəcədə həyatidir?

– Ənənəvi klassik teatrda dramaturgiya həyati olmayanda uğur qazana bilməzdi. Tamaşaçı səhnədə gördüklərinə inanırdı. Bu gün isə teatr inandırmaq deyil, təəccübləndirmək, heyran etmək amacındadır. Hətta kino və sirk estetikasından da gen-bol istifadə edilir.

 

– Müəllif üçün dram, komediya, yoxsa tragikomediyada fikir axını və ifadə azadlığı üçün geniş meydan var və bu mənada cəsarətli yazıçı daha çox hansında sərbəst olur?

– Bir cümlə ilə cavab verə bilərəm: janr hələ keyfiyyət deyil, ən yaxşı janr yaxşı yazmaqdır. Bu da bir həqiqətdir ki, janr əsərin bütün komponentlərinə təsir edir. Axır vaxtlar janr qarışıqlığı məni daha çox cəlb edir, bəlkə sintetik janr deyək. Orda özümü rahat hiss eləyirəm. Tamaşaçı gah gülür, gah ağlayır. Peripetiyalar da bir tərəfdən tamaşaçını darıxmağa qoymur. Bəlkə ona görədir ki, əsər tamaşaya qoyulur, illərlə repertuarda qalır, aktyorlar qocalır, dünyasını dəyişir, tamaşa isə yaşamaqda davam edir.

 

– “Mesenat”da olduğu kimi?

– Bunu siz dediniz, mən də təsdiq edirəm. Tamaşada əsas rolların ifaçıları – Əliabbas Qədirov, Kamal Xudaverdiyev, Yaşar Nuri, Elxan Ağahüseynoğlu “Mesenat”da son rollarını oynadılar. Bir məqamı deyim: “Köhnə ev”də Eldəniz Zeynalov Şükufə Yusupovanın atasını oynayırdı. Rolu, sadəcə, oynamırdı, yaşayırdı, iyirmiillik fasilədən sonra səhnəyə çıxmışdı. Rol da elə bil boyuna biçilmişdi. O, vəfat edəndən sonra başqa bir aktyoru tamaşaya daxil elədilər. Şükufə xanım təzə atanı heç cür qəbul eləyə bilmirdi, deyirdi, elə bil evə ögey ata gəlib. Zatən, teatr qəribə yerdir, sirli mühitdir.

 

– Yuxarıda cəsarət demişdim, cavab almadım, davam eləyək. Bu gün teatrdan, yel dəyirmanları ilə dalaşan Don Kixotluq da olmasa, qəhrəmanlıq tələb edənlər az deyil. Sual bəlkə də səthi səslənəcək: siz teatrımızı cəsarətli və azad hesab edirsiniz?

– Cəsarət də, azadlıq da nisbi şeylərdir. Azad sözün də, cəsarətin də bir həddi var. Biz reallıqla barışa bilməsək də, onunla hesablaşmağa məcburuq. İnternet, sosial şəbəkələr, yutub, virtual mətbuat azad sözün meydanı deyilmi? Danış, qışqır, lap donkixotluq elə. Teatra isə bədii sözün, dramaturgiyanın qüdrəti lazımdır.

 

– Elə isə dramaturq və insan olaraq azadlıq anlayış və sədləriniz maraqlıdır.

– Mən nə yaradıcılıqda, nə məişətdə qınaq yeri olmaq istəmirəm. Həyat prinsipim: şikayətlənmə, istəmə! Bu həyat prinsiplərinə sadiq olan adam daxilən azaddır, zatən, azadlıq içdən gəlir. İnsanlardan gözləntilərim çox olmadığından, türkün sözü, xəyal qırıqlığı da yaşamıram.

 

– Ümumiyyətlə, teatr daim həyatın aynası, gerçəkliyin təsviri vasitəsi olmalıdır və bu düşüncə ilə teatr nə qədər yaşamaq gücündədir?

– Mən çox uzağa getməyəcəm. Niyə İlyas Əfəndiyev dramaturgiyası 60-cı illərdə böyük tamaşaçı sevgisi qazandı. Çünki o, yalançı sovet gerçəkliyini, uydurma sovet adamını tərənnüm edən əsərlərin əvəzinə real həyatı, tamaşaçının tanıdığı insanları səhnəyə gətirə bilmişdi. Birbaşa sualınıza gələrsək, teatr həmişə müasirlərinin danlaq yeri olub. İstedadlı bir teatr adamının sözüdür: keçmiş miflər bu günün teatrını düzgün qiymətləndirməyə mane olur. Bir misal da deyim, “Şah Qacar”ın “parta-part” getdiyi vaxtlardı. Uzun illər televiziyada işləmiş bir köhnə nəsil adamı hər tamaşaya gəlir, mütləq məni tapır və neçənci dəfə baxdığını deyir, tərifləyir, nəhayət, doqquzuncu tamaşadan sonra yana-yana xatırlayır: o vaxtlar Qacarı Sidqi Ruhulla bilirsən necə oynayırdı?! Dedim, bilirəm, suflyorsuz oynaya bilmirdi. Nigaran qalmayaq, 2500 yaşı olan teatr həmişə yaşayacaq, insanın “teatr çıxarmağa” təbii ehtiyacı var.

 

– Komediyaların az yazılmasına və az səhnələşdirilməsinə görə soruşuram: güldürmək, bir növ, fikrin gülüşün maskasında ciddi mətləb kimi ifadəsi niyə azdır?

– Az yazılır deməzdim, cürbəcür səhnəciklərlə yutubda insanları güldürməyi bacaranlar az deyil. Amma, gəlin görək, o səhnəcikləri neçə dəfə tamaşaya qoya bilərsən və ya neçə dəfə baxa bilərsən. Sizin dediyiniz klassik mənada komediya yazmaq böyük istedad tələb edir. Axır vaxtlar əsas teatrlarımızda, demək olar ki, komediyaya yer verilmir. Səhnədə bədbəxt insanlar, bədbəxt talelər, bədbəxt sevgilər, acı göz yaşları üstün yerdədir. Fikrimcə, balansı saxlamaq lazımdır. Tamaşaçı teatra yasa gedən kimi getməməlidir.

 

– Uzun işğal dövrünü görmüş qarabağlı kimi fikrinizi bilmək istərdim: Qarabağ müharibəsi Əli Əmirli yaradıcılığına nə dərəcədə təsir göstərib? Zəfərdən sonra hansı hissin diktəsi ilə yazmaq və hansı mövzuya toxunmaqla vətəndaş duyğularınızı ifadə etmək istəyirsiniz?

– Konkret desəm, “Bala bəla sözündəndir?” komediyası (televiziya versiyası “Bala – başa bəla”) Qarabağın işğalı ərəfəsində yazılıb, özü də komediya janrında. “Ünvansız qatar” torpaqlarımızın işğalda olduğu dövrdə köçkünlərimizin acınacaqlı dramasını əks etdirir. “Xeyir xəbər” pyesi isə möhtəşəm Qələbəmizdən sonra yazılıb. Burda ömürlərinin ən gözəl çağında döyüşlərdə şəhid olmuş oğullarımızın faciəsi qələmə alınıb. Bu pyeslərlə bərabər, işğaldan əvvəlki Ağdamın bədii obrazını özündə əks etdirən “Ağdamda nəyim qaldı?” romanını yazdım. Hər bir cəhətdən fərqli əsərlərdir. Bu əsərlərin uğurundan deməyəcəm, amma bir şeyi etiraf edim, onları  yazanda mən nə vətənpərvərlik, nə də vətəndaşlıq haqqında düşünürdüm. Hesab etmirdim ki, mən bir yazıçı kimi hansısa vətəndaşlıq missiyasını yerinə yetirirəm. Sadəcə, yazırdım, hətta gülə-gülə, ağrıya-ağrıya, göz yaşları ilə. Nəticə çıxarmaq isə tamaşaçıların, oxucuların ixtiyarındadır.

 

– Hazırda nə yazırsınız?

– Portfeldə bir neçə pyes var, onların zamanını gözləyirəm.

 

– Səbir və hövsələ məqamıdır?

– Düz tapdınız!

 

– Teatrlardan tez-tez sifarişlər alırsınız?

– Bizim teatrların dramaturqlara sifariş vermək praktikası, demək olar, yox dərəcəsindədir, təkliflər isə olur.

 

– Bir insan və müəllif kimi yaradıcılıq təmasınızda sizi ifadə edən və əsərinizin ana ideyasını duyan rejissorları sadalasaq...

– Gəlin, sadalayaq: Hüseynağa Atakişiyev, Bəhram Osmanov, Azər Paşa Nemətov, Mehriban Ələkbərzadə, Firudin Məhərrəmov, Kamran Quliyev, Yusif Əkbərov, Ədalət Ziyadxanov, Şərif Qurbanəliyev... Burda saxlayaq. Rejissorlarımızın hamısının adını-sayını əzbərdən bilmirəm, elə “Varlı qadın”ı iyirmidən çox rejissor tamaşaya qoyub, onların çoxu ilə heç üz-üzə gəlməmişəm. Ümumiyyətlə, teatrlardan, rejissorlardan gileylənmək üçün heç bir səbəbim olmayıb. Bütün teatr direktorlarından diqqət, sayğı görmüşəm, tam təmənnasız. Amma yaradıcılığımda 8 əsərimi tamaşaya qoymuş Hüseynağa Atakişiyevin, 11 əsərimi səhnələşdirmiş Bəhram Osmanovun yeri xüsusidir. Görkəmli rejissorumuz mərhum Azər Paşa Nemətovu “Şah Qacar”a görə təşəkkür hissi ilə xatırlayıram. Mehriban Ələkbərzadə ilə bir dəfə işləmək imkanım olub. Yeri gəlmişkən, “Nuri-didə Ceyhun”un yazılma təklifi Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayevlə Mehriban Ələkbərzadədən gəlmişdi. Mehriban xanım heyrətamiz bir tamaşa hazırladı. Əsl rejissor tamaşası idi. Təəssüf ki, hər bir cəhətdən parlaq bir tamaşanın qədrini bilmədilər, cəmi 8 dəfə oynanıldı.

 

– Teatrlarımızı klassikaya meyildə qınayanlara əks arqument həm də müasir pyeslərin zəifliyinə işarə cavablarıdır. Razılaşırsınız?

– İstedadı, zövqü, geniş mütaliəsi olan rejissor heç vaxt pyes qıtlığından şikayətlənməz. Yerli dramaturqların əsərləri səni qane eləmirsə, xarici ölkə dramaturqlarına üz tut. “Azərbaycan” jurnalı ildə neçə pyesə yer verir səhifələrində, hətta ildə bir nömrəsini dramaturgiyaya ayırır. Rejissorlarımızın əksəriyyətinin bundan xəbəri yoxdur. Müasir ədəbi proses onları maraqlandırmır. Vacib deyil ki, pyes olsun, maraqlı nəsr əsərlərini də səhnələşdirmək mümkündür.

 

– Bəzən dramaturgiyanı ciddi ədəbiyyat saymadan, onu teatr üçün material, onun tərkib hissəsi kimi də görürlər. Bu sizi incitmir ki?

– Kim Şekspir dramaturgiyasını ciddi ədəbiyyat saymırsa, ağlına dua yazdırsın.

 

– Siz həm də pedaqoji fəaliyyətlə məşğul olur, mütəmadi müsabiqə və tədbirlərdə, yəni göz önündəsiniz. Yubileyiniz ilə bağlı teatrlardan təklif, təqdimat umursunuz və ümumiyyətlə, yaradıcı insan kimi bu mənada nə dərəcədə həssassınız?

– Ad günü, yubiley qeyd eləməyi xoşlamıram. Bu təvazökarlıqdan irəli gəlmir, sadəcə, qapı döymək, xahiş-minnət eləmək, xüsusi diqqət ummaq, onunla paralel əlavə əziyyət çəkmək, məclis qurmaq, yubiley axşamında çox vaxt şişirdilmiş təriflər eşitmək mənlik deyil. Xeyli vaxtdır premyeralarıma dəvətnamə də paylamıram. Bu qətiyyən özündənrazılıq, saymazlıq deyil, sadəcə, əlavə iş görməyi, ajiotajı sevmirəm. Hesab eləmirəm ki, kiminsə mənim ad günümü, yubileyimi qeyd etmək öhdəliyi var. Amma aldığım təbrikləri təşəkkür hissi ilə qarşılayıram.

 

– Buna bir çox hallarda “yaş öz işini görür” də deyirik.

– Əgər adam “mən heç vaxt özümü belə cavan, gümrah hiss eləməmişəm” deyirsə, deməli, qocalıb.

 

– Özünüzə hesabat verəndə dramaturq Əli Əmirlidən razısınız?

– Konkret desəm, həyatımdan, yaradıcılığımdan narazı deyiləm. Sevdiyim, bacardığım işlə məşğulam. Tamaşaçılarımdan, oxucularımdan davamlı qarşılıq görürəm. Keçdiyim uzun ömür yoluna nəzər salanda həyatıma dəxli olan nə qədər adamın doğma, mehriban surətini görürəm, nisgillə xatırlayıram. Bu yerdə nəvəm Fuad Novruzlunun “Əlvida” adlı şeirinin son misraları yadıma düşür:

“Görüşənədək,
Bu kədər leysanı bitənədək,
Gecənin şərində səhərin xeyrinin parıltısını tapanadək,
Yollarımız bir daha qovuşanadək...”.

 

– 75 yaşlı dramaturqun istəyi?

– Personajlarımdan birinin duasıdır: Ya Rəbbim, xeyirli işlər üçün ömrümüzü artır, ölümümüzü isə şər əməllərdən qurtarmaq üçün rahatlıq vasitəsi elə.

Söhbətləşdi: Həmidə Nizamiqızı