Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin (1893–1980) anadan olmasının 130 illiyinə həsr edilmiş tədbir təşkil edilib.

AMM-in rəhbəri Leyla Qasımova giriş sözündə ümumtürk mədəniyyətində, o cümlədən Azərbaycan xalqının bədii-mənəvi həyatında xüsusi yerə malik aşıq yaradıcılığı barədə məlumat verib. Qeyd edilib ki, aşıq sənəti musiqi, poeziya, rəqs, teatr yaradıcılığı kimi elementləri özündə birləşdirir. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-da Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan aşıq sənətində görkəmli sələflərinin yolunu davam etdirmiş Aşıq Şəmşir də özündən sonra zəngin irs qoyub, həmçinin el havaları və dastanların mahir ifaçısı olub.

Azərbaycan aşıq sənətinin ilk tədqiqatçısı, musiqişünas Eminə Eldarovanın qızı, filologiya üzrə fəlsəfə doktoru Dilarə Mirəhmədova-Əlizadə də Aşıq Şəmşirlə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, E.Eldarovanın təşəbbüsü ilə Aşıq Şəmşirin ifasında 75 aşıq havası lentə köçürülüb və onların çoxu indi Azərbaycan Radiosunun fondunda saxlanılır.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, Aşıq Şəmşirin nəvəsi Cavid Qurbanov babası ilə bağlı xatirələrini bölüşüb. Bildirilib ki, 30 il bundan əvvəl Ermənistanın işğalı nəticəsində Aşıq Şəmşir və onun atası Ağdabanlı Aşıq Qurbanın əlyazmaları Kəlbəcər rayonunda məhv edilib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız şanlı Zəfər sayəsində Dədə Şəmşirin yurdu Kəlbəcər də azaddır, sənətkarın ruhu da şaddır.

Sonra Aşıq Şəmşirin həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəzail Miskinlinin rəhbərliyi ilə aşıqlar çıxış ediblər. Vyanada yaşayan gənc musiqiçilər Abuzər Manafzadə (fortepiano) və Ruhulla Əzizin (kamança) də iştirak etdiyi proqramda sözləri Aşıq Şəmşirə məxsus el havaları ilə yanaşı, sevilən bəstəkar mahnıları da ifa edilib.