Olaylar, faktlar (5–7 dekabr)

 

142 il əvvəl...

 

6 dekabr 1881-ci ildə Bakıda “Nobel Qardaşları Cəmiyyəti” tərəfindən ilk telefon rabitə xətti istifadəyə verilib. Prezident İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli sərəncamı ilə 6 dekabr “Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü” elan edilib.

 

106 il əvvəl...

 

6 dekabr 1917-ci ildə çar Rusiyasının müstəmləkəsi Finlandiya müstəqilliyini elan edib. Finlandiya 1809-cu ildə Rusiya-İsveç müharibəsi gedişində İsveç Krallığının nəzarətindən çıxarılaraq muxtar knyazlıq statusu ilə Rusiyaya birləşdirilmişdi. Oktyabr inqilabından sonra bolşeviklər Finlandiyanın müstəqilliyinə razı oldular.

 

105 il əvvəl...

 

7 dekabr 1918-ci ildə Bakıda Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbinin binasında (indiki AMEA-nın Əlyazmalar İnstitutu) Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti fəaliyyətə başlayıb. “Müsavat” fraksiyasının (lideri M.Ə.Rəsulzadə) təklifi ilə Əlimərdan bəy Topçubaşov sədr, Həsən bəy Ağayev onun müavini seçilib. 120 yerlik parlament ölkə əhalisinin 24 min nəfərinə 1 deputat olmaqla formalaşmış və 80 azərbaycanlı, 21 erməni, 10 rus deputat yeri, alman, yəhudi, gürcü və polyak icmalarının hərəsinə 1 yer, həmkarlar və neft sənayeçiləri üçün 5 yer nəzərdə tutulmuşdu. Bu, müsəlman Şərqində demokratik əsaslı ilk parlament idi. Parlamentdə 11 fraksiya vardı.

 

102 il əvvəl...

 

6 dekabr 1921-ci ildə Britaniya hökuməti İrlandiyanın bir hissəsinə dominionluq (muxtar özünüidarə) statusunun verilməsinə razı olub. Cənubi və mərkəzi İrlandiyanın 26 qraflığı “Azad İrlandiya” adlı dominon-dövlət statusu aldı. 6 qraflıqdan ibarət Şimali İrlandiya isə Britaniyanın tərkibində qaldı. 1949-cu ildə “Azad İrlandiya” müstəqil dövlətə – İrlandiya Respublikasına çevrildi.

 

94 il əvvəl...

 

5 dekabr 1929-cu ildə Tacikistan SSR yaranıb. 1918-ci ildə Tacikistanın şimalında sovet hakimiyyəti qurulmuş və daha sonra bölgə Türkmənistanın MSSR-in tərkibinə daxil olmuş, Tacikistanın cənub bölgələri isə Özbəkistan SSR-in tərkibində qalmışdı. 1924-cü ildə Stalin Orta Asiyanın yeni sərhədlərini çəkdi və Tacikistan torpaqları birləşdirilərək Özbəkistan SSR tərkibində muxtar respublika statusu aldı. 1929-cu ildə Tacikistan MSSR müttəfiq respublikaya çevrildi.

 

82 il əvvəl...

 

7 dekabr 1941-ci ildə ABŞ II Dünya müharibəsində ən böyük itkiyə məruz qalıb. ABŞ Hərbi Hava Qüvvələrinin Havay adalarındakı (Sakit okean) Perl-Harbor bazası Yaponiya təyyarələrinin qəfil hücumuna məruz qalıb. Bombardman nəticəsində ABŞ-nin bazadakı donanması (18 gəmi, 200 təyyarə) sıradan çıxarılıb. 3400-ə yaxın amerikalı hərbçi həlak olmuşdu. Amerikalılar Perl-Harborun qisasını dörd il sonra, 1945-ci ilin avqustunda Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə nüvə bombası atmaqla aldılar.

 

35 il əvvəl...

 

7 dekabr 1988-ci ildə Ermənistanda episentri Spitak şəhərində olan 7,2 bal gücündə zəlzələ nəticəsində 25 minə yaxın adam həlak olub. Bu hadisə ilə dünyanın humanitar diqqətini özünə cəlb edən Ermənistan azərbaycanlıların deportasiyasını başa çatdırdı, dünya isə bunu faktiki olaraq görmədi.

Hazırladı: V.Orxan