“Heydər Əliyev İli” çərçivəsində keçirilən “Xəyallarımızda qalan nağıllar” adlı respublika uşaq yaradıcılıq müsabiqəsinə əsər qəbulu başa çatıb.

Müsabiqə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası ​və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşir.

Layihənin məqsədi uşaqlarda vətənpərvərlik duyğularının güclənməsinə, estetik zövqün, mənəvi tərbiyənin formalaşmasına, milli-mənəvi sərvətimizdən olan nağıllarımızın yaşadılmasına töhfə verməkdir.

Mövzusu nağıl personajları və nağıl səhnələri olan müsabiqəyə respublikamızın müxtəlif guşələrindən ​18 yaşa qədər yaradıcılıq qabiliyyəti olan 1500-dək ​uşaq və yeniyetmə ​1800-dən çox əsər təqdim edib.

Seçim zamanı müəlliflərin yaşı nəzərə alınmaqla millilik və fərdi yanaşma əsas götürüləcək, təkrar olmayan, müdaxilə edilməmiş və daha öncə sərgilənməmiş əsərlərə üstünlük veriləcək.

Sərgilənmək üçün seçilən əsərlər, müəlliflər və sərginin vaxtı haqqında məlumatlar Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin
sosial media hesablarında yayımlanacaq.

Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla, fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) isə təşəkkürnamə ilə təltif ediləcək.

Müsabiqənin​ yekun​ sərgiləri Xətai Sənət Mərkəzində keçiriləcək.