Tanınmış heykəltaraş, Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev İtaliyanın “Cəngavər rütbəli İtaliyanın Ulduzu” (“Ordine della Stella della Solidarieta Italiana”) ordeni ilə təltif olunub.

İtaliyanın Azərbaycandakı səfirinin iqamətgahında ordenin sənətkara təqdimatı keçirilib.

Ordeni heykəltaraşa təqdim edən səfir Klaudio Taffuri deyib: “Natiq Əliyev sənətdə öz istiqaməti olan sənətkardır. O, İtaliyanın İntibah dövrünü tərənnüm edən bir heykəltaraşdır. Həmin dövr mənim ölkəmin ən böyük sənətkarlarının dövrüdür...”.

Səfir bildirib ki, İtaliya Prezidenti heykəltəraşı İtaliya ilə Azərbaycan arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişafında xüsusi xidmətlərinə görə bu yüksək ordenlə təltif edib.

Təltifə görə minnətdarlığını ifadə edən Natiq Əliyev İtaliya incəsənətinin bütün dünyanın ilham mənbəyi olduğunu bildirib: “Öyrəndiyim, qibtə etdiyim heykəltaraşların, rəssamların vətənindən təqdim olunan bu orden mənim üçün böyük şərəfdir”.

Xalq rəssamı məlumat verib ki, hazırda italiyalı heykəltaraş Albano Poli ilə müştərək layihə üzərində işləyir: “Layihə üzrə İtaliyanın Verona şəhərində Şekspir və Nizaminin heykəlləri ucaldılacaq. Şekspirin heykəlini italiyalı heykəltaraş, Nizaminin heykəlini isə mən hazırlayacağam”.

Natiq Əliyev diqqətə çatdırıb ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tələbələrə İntibah dövrünün sənət əsərləri ilə yanaşı, müasir İtaliya incəsənəti də öyrədilir.