Azərbaycanın Avstraliyadakı Səfirliyinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Sidney, Melburn və Brizben şəhərlərində ilk dəfə “Azərbaycan film gecəsi” adlı tədbirlər (30 noyabr – 15 dekabr) keçirilib.

Səfirlikdən verilən məlumata görə, noyabrın 30-dan dekabrın 15-dək sözügedən şəhərlərdə Azərbaycan və Avstraliya arasında dərin mədəniyyət körpüsünü simvolizə edən “Əli və Nino” filmi (2016, Azərbaycan-Britaniya, rejissor Asif Kapadia) nümayiş etdirilib.

Yerli ictimaiyyətin, incəsənət adamlarının, diplomatların, bu ölkədə yaşayan soydaşlarımızın iştirak etdikləri Sidney premyerasında Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Vaqif Cəfərov çıxış edib. O, dünyanın bir sıra ölkələrində nümayiş etdirilən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu “Əli və Nino” filmini Azərbaycan xalqının milli azadlıq mübarizəsinə işıq salan dəyərli ekran əsəri kimi xarakterizə edib.

Diplomat “Əli və Nino” filminin Avstraliyada nümayişinin iki ölkənin mədəni əlaqələrinə töhfə olduğunu, filmin tamaşaçıda Azərbaycan xalqının keçmişi, mədəni zənginliyi barədə geniş təəssürat yaradacağına əminliyini ifadə edib. Bildirib ki, film gecələrinin təşkilində Avstraliyada yaşayan azərbaycanlılar yaxından iştirak ediblər. Bu, həmvətənlərimizin harada yaşamalarardan asılı olmayaraq milli dəyərlərə sıx bağlılığının göstəricisidir.

Filmin nümayişindən sonra qonaqlara Qurban Səidin “Əli və Nino” kitabı hədiyyə olunub.