Dekabrın 18-19-da keçirilən Mədəni İrs Forumu çərçivəsində “Gülüstan” Sarayında “Qarabağ incəsənət düşərgəsi” adlı sərgi təşkil olunub.

Sərgidə işğaldan azad olunmuş ərazilərə Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan səfərlər zamanı sənətkarların ərsəyə gətirdikləri əl işləri yer alıb.

Ekspozisiyada Heydər Əliyev Fondu tərəfindən nəşr edilən, Qarabağdakı mədəni irsimizi əks etdirən kitab-albom da nümayiş olunur. İngilis dilində çap olunan kitab-albomda işğaldan azad edilmiş ərazilərimizdəki sənət nümunələrimiz, onların real təsvirləri verilib.

Rəssamların işləri arasında Cavanşir Məmmədovun “Qarabağ, əziz Şuşa, sən azadsan!”, Samir Səmədovun “Xəzinə yüklü Qarabağ gözəli”, Kamran Əsədovun “Zəfər” və digər müəlliflərin rəngkarlıq və heykəltəraşlıq nümunələri maraq doğurur.

Sərgi məkanında yer alan Gömrük Tarixi Muzeyinin stendində də maraqlı nümunələr var. Qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmağa cəhd göstərilən əşyalar maddi mədəniyyət nümunələri kimi təqdim edilir. Burada zinət əşyalarından silah növlərinə, qiymətli əlyazmalardan musiqi alətlərinə müxtəlif əsərlər maraqla qarşılanır.

Sərgidə həmçinin təkəlduz tətbiqi sənət növü, misgərlik, zərgərlik, quramalar, təzhib, balaban və sədəfdüzmə nümunələri də təqdim olunur.