Heykəltaraş Görüş Babayevin 80 illiyi münasibətilə sərgisi açılıb

 

2014-cü ildə ondan qəzetimiz üçün müsahibə almış, söhbətimizə “Səmaya boylanan rənglər” adını vermişdim. Təxminən 9 il sonra, dekabrın 19-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda 80 illik yubileyinə həsr edilən sərgisinin açılışındayam.

Heykəltaraş, Əməkdar rəssam Görüş Babayevin (Görüş Nurəddinoğlu) rənglər dünyası sanki bir musiqidir, melodiyadır. Həzin ladlar kimi bir-birini izləyir bu rəng dünyası. Qocaman rəssamın rənglərə məxsusi münasibəti, rəng duyumu bəlkə də uşaqlıqdan musiqi təhsili alması ilə bağlıdır.

Açılışdan əvvəl sərgi məkanını gəzirəm. Rəssamlar haqqında deyilmiş fikirləri xatırlayıram. Onlar mühiti başqalarına nisbətən daha incə hiss edirlər. Fırçanın sahibinə verdiyi azadlığı həyatında ən azı bir dəfə əlinə fırça almış insanlar daha yaxşı anlayar, məncə. Müasir rəssamların bəziləri rəsm çəkmək həvəsini meditasiya forması adlandırır, digərləri üçün bu, emosiyaları ifadə etmək, bəzilərinə görə, peşəkar vəzifələrin öhdəsindən daha yaxşı gəlmək üçün bir üsuldur. Amma gerçəklik budur ki, əsl sənət müəllifinin həyatında mühüm rol oynayır, insanları düşündürür...

Məni bu düşüncələrdən Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun səsi ayırır. Budur, artıq sərginin açılış mərasimi başlanır.

Fərhad müəllim qonaqları salamladı. Görüş Babayevlə hələ tələbəlik illərindən dostluq etdiklərini dedi. O, həmkarını yubileyi münasibətilə təbrik etdi, yaradıcılıq uğurları arzuladı.

ADA Universitetinin rektoru professor Hafiz Paşayev yubiley sərgisi münasibətilə Görüş Babayevi təbrik etdi, onunla uzun illərdir dostluq etdiklərini diqqətə çatdırdı. Rektor “Dədə Qorqud” heykəlinin hazırlanması ilə bağlı apardıqları fikir mübadiləsini, müxtəlif birgə layihələri barədə söz açdı, ADA Universitetinin Qazax bölməsinin həyətində heykəltaraş tərəfindən Firidun bəy Köçərli və onun həyat yoldaşı Badisəba xanımın heykəllərinin ustalıqla yaradıldığını dedi.

Millət vəkili akademik Rafael Hüseynov ilin sonuna yaxın bayramın bayrama qarışdığını bildirdi: “Rəssam, bəstəkar, şair gözəllik yaradanda dünyanı daha da gözəl edirlər. Görüş müəllimin müxtəlif illərdə yaratdığı əsərlər bir yerə toplanıb il ayrıcında seyrçilərə təqdim olunursa, bu da bir bayramdır. 2023-cü il başa çatır. İl ayrıcında, qəribə də olsa, insan həm keçmişə, həm də gələcəyə baxmaq istəyir. Görüş müəllimin daxili dünyası yaratmaq eşqi ilə dolu olduğu üçün o, 80 yaşında da gəncdir və həmişə gələcəyə baxır...”.

Görüş Babayevin Azərbaycan heykəltaraşlığındakı rolu barədə danışan akademik dedi: “Azərbaycanlılar istedadlı xalqdır və o istedadlardan birinin ünvanı da Görüş Babayevdir. Onun sənətə gəlişi təbii idi, qandan gələn bir məsələ idi. Biz 70-ci illərdə tələbə olarkən əl-əl gəzən kitablar var idi: yazıçı-jurnalist Nurəddin Babayevin kitabları. Onun kitablarında gəncliyə nəsihətlər var idi. O, Azərbaycan gəncliyinə necə vətəndaş olmağı öyrədirdi. Həmin bu tərbiyəni evdə övladlarına da verirdi. Görüş Babayev hələ yeniyetmə çağlarından bu tərbiyədən irəli gələrək öz şəxsiyyəti, öz sənəti ilə incəsənətdə yeri olan bir insana çevrilə bildi. Onun yaratdığı əsərlərin böyük bir hissəsi məhz Azərbaycan tarixi ilə bağlıdır. Bu gün bu əsərləri izləyərkən hər birində duyğusallıq hiss olunur. Heykəltaraşlığındakı plastika, xırda cizgilərə qədər getmək prinsipi rənglərə olan hisslərindən irəli gəlir. O, şeir də yazır, rəsm də çəkir, ruhunun ifadəsi olan bütöv kompozisiyalı heykəllər də yaradır. Biz heykəltaraşlıq sənətimizdə Görüş Babayev məktəbinin də qədrini bilməliyik. Ənənə itmədən gələcək zamanlara ötürülməlidir...”.

Xalq rəssamı Fuad Salayev də yubilyar sənət dostuna təbriklərini çatdırdı.

Yubilyar heykəltaraş çıxış edərək sərgiyə qatılan hər kəsə minnətdarlığını bildirdi. Ən böyük arzusu isə belə oldu: “10 ildən sonra burada iştirak edən hər bir kəslə bərabər 90 illiyimlə bağlı sərgimdə görüşmək arzusu ilə”.

Sonra qonaqlar sərgi ilə tanış oldular. Sərgidə Görüş Babayevin 50-yə yaxın heykəltaraşlıq və rəngkarlıq nümunəsi sənətsevərlərin ixtiyarına verilib.

Sərgi dekabrın 29-dək ziyarət üçün açıq olacaq.

Qeyd edək ki, Görüş Babayev 17 fevral 1943-cü ildə Bakıda anadan olub. 12 nömrəli Musiqi məktəbində (fortepiano sinfi) oxuyub. 1959-cu ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin Heykəltaraşlıq şöbəsinə daxil olub. Məktəbi bitirdikdən sonra təhsilini Leninqrad (Sankt-Peterburq) Rəssamlıq Akademiyasının Monumental heykəltaraşlıq fakültəsində davam etdirib. Bakıya qayıtdıqdan sonra Ömər Eldarovun rəhbərliyi altında yaradıcılıq emalatxanasında çalışıb.

Onun əsərləri sırasına Mirzə Şəfi Vazehin Gəncədə ucaldılan abidəsi, Bakıda “Dədə Qorqud”, Türkiyənin Ərzurum şəhərində “Arfa çalan qız”, Sumqayıtda “Nizami Gəncəvi”, “20 Yanvar şəhidlərinə abidə” və başqalarını qeyd edə bilərik. Nizami Gəncəvinin Rusiyanın Sankt-Peterburq şəhərində ucaldılan heykəlinin də müəllifi Görüş Babayevdir.

Görüş Babayev 10 il Türkiyədə heykəltaraşlıqdan dərs deyib və “Türkiyə yuxuları” silsiləsindən əsərlər işləyib.

L.Azəri