Azərbaycan

 

1 yanvar 1909 – Əməkdar mühəndis, səs operatoru Ağahüseyn Əşrəf oğlu Kərimov (1909–1991) anadan olub. “Azərbaycanfilm”də işləyib, aktyor kimi “Ad günü”, “Yaramaz” və s. filmlərdə çəkilib.

1 yanvar 1937 – Xalq artisti Eldəniz Məmməd oğlu Zeynalov (1937 – 5.11.2001) Bakıda anadan olub. “Əhməd haradadır?”, “Bir cənub şəhərində”, “Ömrün səhifələri”, “Yol əhvalatı” və s. filmlərdə, teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

1 yanvar 1940 – Əməkdar incəsənət xadimi, pianoçu, pedaqoq Oqtay Hüseyn oğlu Abasquliyev (1940 – 2.3.2016) Bakıda doğulub. BMA-nın tədris üzrə prorektoru olub.

1 yanvar 1940 – Əməkdar incəsənət xadimi, bəstəkar, musiqişünas Nərgiz Mahmud qızı Şəfiyeva (1940 – 8.4.2020) Bakıda anadan olub.

1 yanvar 1947 – Xalq artisti Mikayıl Mirzə (Mikayıl Şahvələd oğlu Mirzəyev; 1947 – 3.6.2006)  Ağsu rayonunda doğulub. Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə (“Qatır Məmməd”, “Üzeyir ömrü” və s.), televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb. Milli Məclisin deputatı (2001-2005) olub.

 

2 yanvar 1936 – Əməkdar müəllim, musiqişünas Zərifə Musa qızı Bakıxanova (1936–2014) anadan olub.

2 yanvar 1937 – Xalq rəssamı, heykəltaraş Arif Şamil oğlu Qazıyev (1937 – 3.9.2021) İrəvan şəhərində doğulub. Müxtəlif mövzularda əsərlər, görkəmli şəxsiyyətlərin heykəl və büstlərini (Hüseyn Cavidin büstü – şairin Naxçıvandakı ev-muzeyində) yaradıb.

2 yanvar 1944 – Əməkdar artist Qurban Məmiş oğlu Abbasov (1944–1998) anadan olub. Gəncə Dövlət Dram Teatrında çalışıb.

2 yanvar 1945 – Əməkdar artist Səməndər Mənsim oğlu Rzayev (1945 – 27.3.1986) Ağsuda anadan olub. Milli Dram Teatrında çalışıb. “Nəsimi”, “Babək”, “Bağ mövsümü”, “Bəyin oğurlanması” və s. filmlərdə çəkilib, televiziya tamaşalarında maraqlı obrazlar qalereyası yaradıb.

 

3 yanvar 1907 – Xalq artisti, pianoçu Kövkəb Kamil qızı Səfərəliyeva (1907 – 27.6.1985) anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) dərs deyib, konservatoriyanın nəzdində Orta ixtisas musiqi məktəbinin (hazırda Bülbül adına məktəb) direktoru olub.

3 yanvar 1944 – Əməkdar rəssam Arif Qəndi oğlu İsmayılov (1944 – 9.10.2014) anadan olub.

 

4 yanvar 1932 – Görkəmli yazıçı, dramaturq, publisist Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə (22.2.1869 – 1932) vəfat edib. Nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatına töhfələr verib. 1906 – 1932-ci illərdə (fasilələrlə) nəşr etdirdiyi “Molla Nəsrəddin” jurnalı ilə Azərbaycan satirik jurnalistikasının əsasını qoyub.

4 yanvar 1946 – Satirik şair, “Molla Nəsrəddin” ədəbi məktəbinin görkəmli nümayəndəsi Əli Nəzmi (Əli Məhəmməd oğlu Məmmədzadə; 1878-1946) vəfat edib.

4 yanvar 1946 – Xalq artisti Rafael Məlik oğlu Dadaşov (1946 – 16.3.2020) Zaqatalada doğulub. Milli Dram Teatrının səhnəsində, filmlərdə, televiziya tamaşalarında yaddaqalan rollar oynayıb.

4 yanvar 1983 – Tanınmış rəssam İbrahim Səfi (İbrahim Qafar oğlu Səfiyev; 1898-1983) İstanbulda vəfat edib. Naxçıvanda doğulub. Türkiyədə yaşayıb-yaradıb.

4 yanvar 2000 – Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova; 28.2.1918 – 2000) vəfat edib. Milli Dram Teatrında çıxış edib. “Şərikli çörək”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı” və s. filmlərdə çəkilib. 

4 yanvar 2021 – Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Ağabala qız Mirməmmədli (23.5.1961 – 2021) vəfat edib.

 

5 yanvar 1884 – Opera müğənnisi, teatr xadimi Əhməd Bəşir oğlu Ağdamski (Bədəlbəyli; 1884 - 1.4.1954) Şuşada doğulub. Milli teatrda azərbaycanlı aktrisaların olmadığı vaxtlarda tamaşalarda qadın rollarını oynayıb. 1934-cü ildən pedaqoji fəaliyyətlə məşğul olub.

5 yanvar 1887 – Əməkdar incəsənət xadimi, tarzən Mirzə Mənsur Məşədi Məlik oğlu Mənsurov (1887 – 30.6.1967) аnаdаn оlub.

5 yanvar 1924 – Azərbaycanın ilk epiqrafçı qadın alimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü  Məşədixanım Sədulla qızı Nemətova (1924 – 26.12.2016) Bakıda anadan olub.

5 yanvar 1927 – Yazıçı Əlfi Səhlik oğlu Qаsımоv (1927 – 12.3.1985) Ağdam rayonunun Poladlı kəndində anadan olub.

5 yanvar 1948 – Əməkdar mədəniyyət işçisi Fərhad Ağa Səlim oğlu Babayev (1948 – 2.10.2023) Bakıda anadan olub. Heydər Əliyev Sarayının direktoru işləyib.

5 yanvar 2024 – Əməkdar artist, tanınmış qarmon ifaçısı Gülbahar Müzəffər qızı Şükürlü (20.3.1962 – 2024) vəfat edib.

 

6 yanvar 1907 – SSRİ Xalq artisti İsmayıl Yusif oğlu Dağıstanlı (Hacıyev; 1907 – 1.4.1980) Qax rayonunun Zərnə kəndində doğulub. Milli Dram Teatrında klassik obrazlar silsiləsi yaradıb, filmlərdə çəkilib.

6 yanvar 1914 – Əməkdar artist Nəcibə Məcid qızı Behbudova (1914–1999) Tiflisdə anadan olub. Tiflis Azərbaycan teatrında, Musiqili Komediya Teatrında çalışıb, filmlərdə çəkilib.

6 yanvar 1938 – Görkəmli şair Mikayıl Müşfiq (Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; 5.6.1908 – 1938) repressiya olunaraq güllələnib.

6 yanvar 1962 – SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (8.12.1901 – 1962) vəfat edib. Milli Dram Teatrında çalışıb, filmlərdə çəkilib.

6 yanvar 2024 – Əməkdar artist, xanəndə Aygün Aydın qızı Hümbətova (Bəylər; 22.8.1975 – 2024) vəfat edib.

 

7 yanvar 1919 – Əməkdar mədəniyyət işçisi, kinooperator, rejissor Vladimir Yevgenyeviç Konyagin (1919-2002) anadan olub. “Azərbaycanfilm”də çoxsaylı sənədli filmlər çəkib, Dövlət mükafatına layiq görülüb.

7 yanvar 1928 – Əməkdar memar Yuzef İslam oğlu Qədimov (1928 – 8.1.2012) anadan olub. Bakıdakı Heydər Əliyev adına İdman-Konsert Kompleksinin, Aktyor Evinin və digər tikililərin layihə müəllifidir.

 

8 yanvar 1903 – Azərbaycan teatrının tanınmış simalarından olan Ülvi Rəcəb (Ülvi Rəcəb Molla oğlu Şaşıqzadə; 1903–1938) Batumi yaxınlığındakı Canivri kəndində doğulub. Milli Dram Teatrında fəaliyyət göstərib. Repressiya qurbanıdır.

8 yanvar 1920 – Xalq artisti, görkəmli aktrisa Leyla Ağalar qızı Bədirbəyli (1920 – 23.11.1999) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, “Səbuhi”, “Arşın mal alan” (1945), “Fətəli xan”, “Görüş”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” və s. filmlərdə çəkilib. Azərbaycan və SSRİ Dövlət mükafatlarına layiq görülüb.

8 yanvar 2022 – Əməkdar artist Novruz Yaqub oğlu Əliyev (Novruz Qartal; 1.3.1947 – 2022) vəfat edib. Akademik Musiqili Teatrın aktyoru olub.

 

9 yanvar 1936 – Əməkdar rəssam, heykəltaraş Asim Rzaqulu oğlu Quliyev (1936 – 25.5.2012) Bakıda doğulub.

9 yanvar 2016 – Xalq şairi Zəlimxan Yusif oğlu Yaqub (21.1.1950 – 2016) vəfat edib. Azərbaycan Aşıqlar Birliyinin sədri olub.

 

10 yanvar 1932 – Musiqişünas Еlmirа Əbdülhəmid qızı Аbаsоvа (1932 – 12.2.2009) Bakıda doğulub. Konservatoriyanın (indiki BMA) rektoru (1977–1991) olub.

10 yanvar 1937 – Əməkdar artist Nisə Heydər qızı Rzayeva (1937-2017) Naxçıvanda anadan olub. Mingəçevir Dövlət Dram Teatrında çalışıb.

10 yanvar 1938 – Xalq artisti, bəstəkar Elza İmaməddin qızı İbrahimova (1938 – 11.2.2012) Hacıqabulda anadan olub. Populyar mahnıların, romansların müəllifidir.

10 yanvar 1942 – Əməkdar incəsənət xadimi Baba Fazil oğlu Rzayev (1942 – 2.12. 2014) Lerik rayonunun Çayrud kəndində doğulub. Lənkəran teatrında baş rejissor işləyib.

10 yanvar 1953 – Əməkdar artist Sevil Rza qızı Xəlilova (1953 – 28.11.2011) Bakıda doğulub. Milli Dram Teatrında çalışıb, televiziya tamaşalarında maraqlı rollar oynayıb.

10 yanvar 1962 – Xalq artisti Əjdər Əliabbas oğlu Sultanov (8.12.1909 – 1962) vəfat edib. Milli Dram Teatrında çalışıb, filmlərdə çəkilib.

 

11 yanvar 1875 – Tanınmış rus bəstəkarı, dirijor, pedaqoq Reynqold Qliyer (1875-1956) Kiyevdə doğulub. Bir müddət Bakıda çalışıb, “Şahsənəm” operasını yazıb. Azərbaycan SSR-nin Xalq artisti (1934) adına layiq görülüb.

11 yanvar 1906 – Tarixçi, şərqşünas Əbdülkərim Əli oğlu Əlizadə (1906–1979) anadan olub.

11 yanvar 1998 – Xalq artisti, tarzən Əliağa Eyvaz oğlu Quliyev (9.5.1917 – 1998) vəfat edib.

11 yanvar 1999 – Əməkdar mədəniyyət işçisi Ramazan Həmzət oğlu Xəlilov (1901–1999) vəfat edib. Üzeyir Hacıbəylinin şəxsi katibi, 1975-ci ildən ömrünün sonunadək Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyinin direktoru işləyib.

Hazırladı: V.Orxan