Bu il görkəmli kinorejissor, Əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun (1924 – 1997) anadan olmasının 100 illik yubileyidir. Yubiley münasibətilə sənətkarın həyat və yaradıcılığını əks etdirən sənədli film çəkiləcək.

Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə ərsəyə gələcək ekran əsərinin ssenari müəllifi Tahir Tahiroviç, rejissoru Aydan Əhmədova, operatoru Rafiq Əliyev, prodüseri Əli İsa Cabbarovdur. Filmin çəkilişləri yanvar ayının sonunda başlanacaq.

Tahir Tahiroviçin bildirdiyinə görə, əsas çəkilişlər rejissorun dünyaya gəldiyi Naxçıvan şəhərindəki evində, təhsil aldığı məktəbdə aparılacaq. Rejissorun filmlərində iştirak etmiş aktyorların və birgə çalışdığı yaradıcı heyət üzvlərinin xatirələri də ekran əsərində yer alacaq.

Şamil Mahmudbəyov “Qaraca qız”, “Romeo mənim qonşumdur”, “Şərikli çörək”, “Həyat bizi sınayır” və s. filmlərə quruluş verib. Kinorejissor “Şərikli çörək” filminə (1969) görə yaradıcı heyətlə birlikdə Azərbaycan Dövlət mükafatına layiq görülüb.