Azərbaycanda kino aləmində baş verənlərdən vaxtında xəbər tutmaq istəyənlər üçün kinoinfo.az xəbər saytı fəaliyyətə başlayıb.

Gənc Film İstehsalçıları Assosiasiyasının təsis etdiyi sayt ilk növbədə kino peşəkarlarına ünvanlanıb. Assosiasiyanın sədri Əli İsa Cabbarov bu sahədə fəaliyyət göstərən insanların ümumi kino mühitindən və bir-birindən xəbərsiz olduqlarını bildirir. Saytın “Qovluqda”, “Meydanda”, “Ekranda” bölümləri ölkəmizdə kino istehsalının hər üç mərhələsində baş verən yeniliklər haqqında oxucuları məlumatlandıracaq.

Əsas hədəflərdən biri iş adamlarını yerli kino istehsalı haqda məlumatlandırmaq və onları kinoya investisiya qoymağa sövq etməkdir. Bu məqsədlə kinonun iqtisadi aspektinə, statistikaya, kinoya aid maliyyə xəbərlərinə geniş yer ayrılacaq.

Sayt Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) maliyyə dəstəyi ilə fəaliyyətə başlayıb. Əli İsa Cabbarov bu dəstəyə görə ARKA-ya  minnətdarlığını bildirib.

Azərbaycan Kinematoqrafçılar İttifaqı da sayta təşkilati dəstək göstərib. Saytın redaktoru Ramil Ələkbərov, layihənin rəhbəri Əli İsa Cabbarovdur.