Olaylar, faktlar (12–16 yanvar)

 

292 il əvvəl...

 

16 yanvar 1732-ci ildə Səfəvi dövləti ilə Osmanlı imperatorluqları arasında Qafqaza nəzarət uğrunda növbəti müharibənin yekunu olaraq Kirmanşah sülh müqaviləsi bağlanıb. Azərbaycanın İrəvan, Naxçıvan, Gəncə, Şamaxı və Şirvan bölgələri Osmanlı imperatorluğunun, Kirmanşah, Ərdəbil və Təbriz bölgələri isə Səfəvi dövlətinin nəzarətinə keçib.

 

231 il əvvəl...

 

12 yanvar 1793-cü ildə Rusiya və Prussiya Polşanı ikinci dəfə bölüşdürüblər. Peterburqda imzalanan müqaviləyə əsasən, Qdansk Prussiyaya verilib, Rusiya isə indiki Ukrayna və Belarusun əksər hissəsini əldə edib. Almanların Dansiq adlandırdığı Qdansk liman şəhəri 1945-ci ildən yenidən Polşanın tərkibinə qayıtdı.

 

118 il əvvəl...

 

15 yanvar 1906-cı ildə Sankt-Peterburqda Ümumrusiya müsəlmanlarının II qurultayı (15-23 yanvar) işə başlayıb. Qurultayda Rusiya Müsəlman İttifaqının (1905-ci ilin avqustunda Ümumrusiya müsəlmanlarının qurultayında təsis olunmuşdu) birinci Dövlət Dumasına seçkilərlə bağlı taktikası müzakirə edilib, yeni proqram qəbul olunub.

 

116 il əvvəl...

 

12 yanvar (yeni təqvimlə 25 yanvar) 1908-ci ildə Üzeyir Hacıbəylinin Məhəmməd Füzulinin poeması əsasında yazdığı “Leyli və Məcnun” operası Bakıda tamaşaya qoyulub. Bu, müsəlman Şərqində yaranan ilk opera idi.

 

96 il əvvəl...

 

13 yanvar 1928-ci ildə Bakıda Azərbaycan yazıçılarının birinci qurultayı başlayıb. Qurultayda Azərbaycan Proletar Yazıçıları Assosiasiyasının (Az.PYA) yaranması haqqında qərar qəbul edilib.

 

76 il əvvəl...

 

12 yanvar 1948-ci ildə ABŞ-nin Ali Məhkəməsi qaradərililərin ağdərililərlə eyni məktəbdə oxumasına icazə verən qərar çıxarıb. Birləşmiş Ştatlarda irqi ayrı-seçkilik rəsmən bu tarixdə ləğv edilsə də, reallıqda 60-cı illərədək davam edib.

 

42 il əvvəl...

 

14 yanvar 1982-ci ildə Şuşa şəhərində böyük şair Molla Pənah Vaqifin məqbərəsinin və Vaqif Poeziya evinin açılışı keçirilib. Mərasimlərdə respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev iştirak edib.

 

34 il əvvəl...

 

15 yanvar 1990-cı ildə Dağlıq Qarabağda gərginləşən münaqişənin qarşısında aciz qalan Azərbaycan SSR rəhbərliyi Dağlıq Qarabağ Muxtar Vilayətində və ona bitişik rayonlarda fövqəladə vəziyyətin tətbiq olunması üçün Moskvaya müraciət edib. Həmin gün SSRİ Ali Sovetinin Rəyasət Heyəti müvafiq qərar qəbul edib. Qərara əsasən, Ermənistanın Gorus rayonunda və İran-Azərbaycan (SSRİ) sərhədi boyunca da fövqəladə vəziyyət elan edilib. Fövqəladə vəziyyət elan edilən ərazilərə Sovet Ordusunun birləşmələri yeridilib, yerli hakimiyyət hərbçilərə verilib.

 

32 il əvvəl...

 

14 yanvar 1992-ci ildə Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında diplomatik əlaqələrin qurulmasına dair protokol imzalanıb. Bu, müstəqil Azərbaycanın imzaladığı ilk diplomatik sənəd idi. 1991-ci il noyabrın 9-da Azərbaycanın müstəqilliyini ilk tanıyan Türkiyə olmuşdu.

Hazırladı: V.Orxan