Los-Ancelesdə 14-cü “Fəxri Oskar” mükafatının təqdimetmə mərasimi keçirilib. Kinematoqrafiyada görkəmli xidmətlərinə görə mükafatlara aktrisa Anjela Bassett, rejissor Mel Bruks və kinomontajçı Kerol Littlton layiq görülüblər. Mişel Setterə isə Cin Herşolt adına Humanitar mükafat təqdim olunub.

Qeyd edək ki, mükafatlandırılma 2023-cü il noyabrın 18-nə planlaşdırılmışdı. Lakin Hollivudda aktyor və ssenaristlərin tətillərindən sonra mərasimin keçirilmə tarixi 2024-cü il yanvarın 9-na dəyişdirilmişdi.

“Fəxri Oskar” mükafatı konkret ilin nəticələrinə və ya hansısa film(lər)ə görə deyil, kinematoqrafiya sahəsində əhəmiyyətli nailiyyətlərə, eləcə də öz karyerası boyunca kino sənayesinə xidmətlərinə, bu sahəyə verilən töhfəyə görə təqdim olunur.

Amerika Kino Akademiyasının növbəti, 96-cı “Oskar” mükafatlarının təqdimat mərasimi isə mart ayına nəzərdə tutulub.