Olaylar, faktlar (20–23 yanvar)

 

370 il əvvəl...

 

21 yanvar 1654-cü ildə Pereyaslav radasında Ukraynanın Rusiyaya birləşdirilməsi barədə qərar qəbul edilib. Ukrayna getmanı Boqdan Xmelnitskinin təşəbbüsü ilə çıxarılan qərara əsasən, Krım və Qərbi Ukrayna istisna olmaqla, indiki Ukraynanın ərazisi Rusiya çarlığına birləşdirilib.

 

292 il əvvəl...

 

21 yanvar 1732-ci ildə Səfəvi  dövləti ilə Rusiya arasında Rəşt müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, Rusiya I Pyotrun vaxtında işğal etdiyi Xəzəryanı əraziləri – Kür çayından şimalda yerləşən Azərbaycan torpaqlarını Səfəvi dövlətinə qaytarıb. Səfəvi dövləti isə Rusiyanın regionda rəqibi olan Osmanlını bu ərazilərə buraxmamaq barədə öhdəlik götürüb. Rusiya tacirləri Səfəvi dövləti ərazisində rüsumsuz ticarət etmək hüququ əldə ediblər.

 

193 il əvvəl...

 

20 yanvar 1831-ci ildə Hollandiyanın müstəmləkəsi olan Belçika dövlət müstəqilliyi əldə edib. Londonda keçirilən beynəlxalq konfransda Böyük Britaniya, Fransa, Prussiya və Rusiya Belçikanın müstəqilliyinin təminatçısı kimi çıxış edirdilər.

 

144 il əvvəl...

 

20 yanvar 1880-ci ildə Azərbaycanın ilk dəmir yolu xətti istifadəyə verilib. Uzunluğu 20 kilometr olan Bakı–Sabunçu–Suraxanı dəmir yolunun inşası 1878-ci ildə başlamışdı. İlk illər dəmir yolu yalnız neftin nəqli üçün istifadə edilirdi.

 

111 il əvvəl...

 

23 yanvar 1913-cü ildə Osmanlı İmperatorluğunda saray çevrilişi baş verib. Ənvər bəy və Tələt bəyin rəhbərlik etdiyi “İttihat və Tərəqqi” qrupunun həyata keçirdiyi çevriliş nəticəsində Baş nazir (Sədrəzəm) Kamil paşa istefaya məcbur edilib, hərbi nazir Nazim paşa öldürülüb. Hökumətin başına keçən Mahmud Şövkət paşa da 11 iyun 1913-cü ildə sui-qəsd nəticəsində öldürüldü.

 

79 il əvvəl...

 

23 yanvar 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması barədə qərar verilib. SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə SSRİ EA-nın Azərbaycan Filialı (1936-cı ildə yaradılmışdı) Azərbaycan Elmlər Akademiyasına çevrilib. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1945-ci il 27 mart tarixli qərarı ilə Elmlər Akademiyasının təsis edilməsi rəsmiləşdirildi, nizamnaməsi təsdiq olundu.

 

48 il əvvəl...

 

23 yanvar 1976-cı ildə Parisdə ABŞ-Vyetnam müharibəsinin başa çatmasına dair saziş imzalanıb. Sazişə əsasən, ABŞ qoşunları Şimali Vyetnamdan çıxarılıb.

 

34 il əvvəl...

 

20 yanvar 1990-cı ildə Sovet Ordusu Bakıda qırğın həyata keçirib. SSRİ Ali Sovetinin sədri Mixail Qorbaçovun fərmanı ilə şəhərə ordu hissələri yeridilib. Sovet qoşunlarının təcavüzü zamanı (daha sonra dəqiqləşdirilmiş rəqəmlərə görə) 147 nəfər öldürülmüş, 800-dən çox adam yaralanmışdı.

21 yanvar 1990-cı ildə Heydər Əliyev Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək Sovet Ordusunun Bakıda törətdiyi qırğınla bağlı bəyanat verib.

Hazırladı: V.Orxan