Beynəlxalq brend qiymətləndirmə təşkilatı olan “Brand Finance” yeni, “Global 500 – dünyanın 500 ən qiymətli brendi 2024” araşdırmasını yayımlayıb.

Təşkilatın saytında yer alan məlumata görə, 2023-cü ildə dəyərini 74 faiz artıraraq 516,6 milyard dollara çatdıran “Apple” yenidən dünyanın ən qiymətli brendi olub.

İkinci sırada 340,4 milyard dollar brend dəyəri ilə “Microsoft”, üçüncü yerdə 333,4 milyard dollar brend dəyəri ilə “Google” şirkətidir. Ötən il “Global 500” siyahsının başında olmuş “Amazon” isə 308,9 milyard dollarla bu il 4-cüdür. “Samsung” (99,4 milyard dollar) 5-ci, “Walmart” pərakəndə satış şirkəti (96,8 milyard) 6-cı, “Tiktok” (84,2 milyard) 7-cidir. Onluqda son üç yeri “Facebook” (75,7 milyard), Almaniyanın “Deutsche Telekom”u (73,3 milyard) və Britaniya-Kanada sığorta şirkəti ICBC (71,8 milyard) tutub.

“Global 500”də ümumilikdə ABŞ-nin 203, Çinin 65, Yaponiyanın 33, Fransanın 32, Almaniyanın 28, Britaniyanın 20 şirkəti var. Siyahıda bankçılıq sektorundan 71, pərakəndə sektorundan 53, texnologiya sektorundan 49 marka təmsil olunub.

Qeyd edək ki, 2021 və 2022-ci illərdə də siyahıya başçılıq edən “Apple” keçən il birinciliyi “Amazon”a vermişdi.

Bu arada “Alphabet” holdinqinə məxsus “Google” şirkəti yeni ilə işçi ixtisarları ilə başlayıb. İnternet nəhəngi yanvarın 16-da reklam-satış komandasından yüzlərlə işçinin ixtisar olunacağını elan edib. KİV-də yayılan məlumatlara görə, “Alphabet” holdinqi ümumilikdə 12 min iş yerini ixtisar etməyi planlaşdırır.

“Amazon.com” kompaniyası da yüzlərlə əməkdaşını işdən çıxarmaq niyyətində olduğunu bildirib.