İki ölkə əlaqələri ilə bağlı eksponatların kataloqunun nəşri təklif edilib

 

Qazaxıstan Respublikasının ölkəmizdəki səfiri Alim Bayel Milli Azərbaycan Tarixi Muzeyində olub. Bu barədə muzeydən məlumat verilib.

Görüşdə muzeyin direktoru akademik Nailə Vəlixanlı Azərbaycan-Qazaxıstan əlaqələrinin əhəmiyyətini vurğulayıb, rəhbərlik etdiyi müəssisə haqqında məlumat verib.

İki ölkənin mədəni-tarixi əlaqələri və Qazaxıstan tərəfi ilə muzey arasında səmərəli əməkdaşlıq layihələri barədə danışıqlar aparılıb.

Səfir A.Bayel muzeydə qorunan Azərbaycan və Qazaxıstan tarixi əlaqələri ilə bağlı eksponatların təbliğatı istiqamətində kataloqun nəşr olunması təklifini irəli sürüb və bu eksponatların hər iki ölkə arasında mövcud ictimai-mədəni əlaqələrin inkişaf dinamikasının göstəricisi olduğunu vurğulayıb.

Səfir məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Ev-Muzeyini ziyarət edib. Qonağa muzeyin dəyərli eksponatları əsasında hazırlanmış nəşrləri hədiyyə olunub.