Musiqi dünyasının səbirsizliklə gözlədiyi mərasim – 66-cı “Qremmi” mükafatlarının təqdimatı fevralın 5-nə keçən gecə (Bakı vaxtı ilə) Los-Ancelesdə gerçəkləşib.

Bir çox məşhurların adının iddiaçılar sırasında keçdiyi və qızğın rəqabətlə müşayiət olunan budəfəki “Qremmi”nin əsas qəhrəmanı, gözlənildiyi kimi, amerikalı müğənni Teylor Svift (Taylor Swift) olub. Ötən il “Time” jurnalı tərəfindən “İlin adamı” elan edilən 34 yaşlı müğənni “Qremmi”nin əsas nominasiyası sayılan “İlin albomu” (“Midnight” – “Gecəyarısı”) mükafatını dördüncü dəfə qazanaraq tarixə düşüb. İndiyədək bu mükafatın dörd dəfə qalibi əfsanəvi Stevie Vonder, Frank Sinatra və Paul Simon olub. Ümumilikdə isə T.Svift sayca 14-cü “Qremmi” heykəlciyini qazanıb.

Amerikada musiqi dünyasının daha bir ulduzu Billi Ayliş (Billie Eilish) isə “Barbie” filmindəki mahnısına görə əsas “İlin mahnısı” mükafatına layiq görülüb. Qeyd edək ki, bu, 23 yaşlı müğənninin ilk “Qremmi”si deyil. O, 2020-ci ildə üst-üstə beş nominasiya (o cümlədən “İlin albomu” və “İlin mahnısı”) üzrə mükafata layiq görülərək özünəməxsus rekorda imza atıb.

66-cı “Qremmi” gecəsinin digər mükafatçılarından üç mükafat qazanmış reper Killer Maykı (Ən yaxşı rep mahnısı, rep performansı və albomu), həmçinin dörd nominasiyada (Ən yaxşı pop duet-qrup iştirakçısı, rok mahnısı, rok performansı və alternativ albom) qalib olmuş rok müğənnisi (xanım) Fibi Bridcesi (Phoebe Bridgers) qeyd etmək olar.

V. Kamal