Türkiyənin İstanbul və Antalya şəhərləri post-pandemiya dövründə dünyanın ən çox ziyarət edilən 10 şəhəri arasında yer alıb.

Dünya Turizm Agentliyinin məlumatına görə, 2023-cü ildə ən çox əcnəbi qonaq qəbul edən şəhərlər siyahısında İstanbul 17,5 milyon turist sayı ilə birinci olub. Şəhər ötən il təxminən 26 faiz artımla London və Dubayı geridə qoyub.

2023-cü il 16,5 milyon turist qəbul edən Antalya isə dördüncü sıradadır. İl ərzində əhalisindən təxminən 6 dəfə çox turist qəbul edən Antalya bu göstərici ilə Paris və Nyu-Yorku arxada qoyub. Xüsusilə Antalyaya birbaşa uçuşların artması sayəsində səyahət edənlərin sayı ötən il 2022-ci ilə nisbətən 29 faiz artıb. Antalyanı ən çox almanlar, ruslar və ingilislər ziyarət edib.

Ötən il Türkiyədəki daxili və beynəlxalq uçuşlarda 16,3 faiz artım qeydə alınıb.

Ümumilikdə isə Türkiyəyə 2023-cü ildə 56,7 milyon əcnəbi ziyarətçi gəlib ki, bu da bir il öncəyə nisbətən 10 faiz çoxdur.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı məlumata görə, ölkənin turizm gəliri illik müqayisədə 17 faiz artaraq 54,3 milyard dollara, ziyarətçilərin 1 gecəlik ortalama xərcləri isə 99 dollara çatıb. Ölkə 2024-cü ildə 60 milyon turist cəlb etməyi və 60 milyard dollar turizm gəliri əldə etməyi hədəfləyib.