Fevralın 7-də Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, Xalq artisti Tofiq Tağızadənin (1919 – 1998) anadan olmasının 105-ci ildönümü tamam olub.

Bu münasibətlə tanınmış kino xadimləri və sənətkarın ailə üzvləri Fəxri xiyabanda Tofiq Tağızadənin məzarını ziyarət ediblər.

Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək Azərbaycan kinosunun inkişafında Tofiq Tağızadənin xüsusi xidmətləri olduğunu deyib, rejissorun quruluş verdiyi ekran əsərlərinin bu gün də tamaşaçılar tərəfindən sevildiyini vurğulayıb.

Xalq artisti, kinorejissor Oqtay Mirqasımov görkəmli rejissoru ilk dəfə “Uzaq sahillərdə” filminin çəkilişi zamanı gördüyünü, daha sonra “Azərbaycanfilm” kinostudiyasında işə götürülərkən onun filmində təcrübə keçdiyini və uzun illər dostluq etdiklərini bildirib.

Sənətkarın ailəsi adından çıxış edən Əməkdar artist, aktyor Firdovsi Atakişiyev Tofiq Tağızadə ilə səmimi münasibətlərindən danışıb, onun yaradıcılıq irsinin Azərbaycan Dövlət Film Fondunda qorunmasından söz açıb. O, anım mərasiminin təşkilinə görə Mədəniyyət Nazirliyinə, Kino Agentliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, Tofiq Tağızadə quruluşçu rejissoru olduğu “Görüş”, “Uzaq sahillərdə”, “Arşın mal alan” (1965), “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Bağ mövsümü”, “O dünyadan salam” və başqa ekran əsərləri ilə Azərbaycan kinematoqrafiyasının inkişafına mühüm töhfələr verib.

Dövlət başçısının sərəncamı ilə 2019-cu ildə rejissorun 100 illik yubileyi geniş şəkildə qeyd olunub.