Türk Mədəniyyəti və İrsi Fondunda (TMİF, mənzil-qərargahı Bakıda yerləşir) üzv ölkələrin Xarici İşlər və Mədəniyyət nazirliklərinin nümayəndələri, irs sahəsində ekspertlər, eləcə də təşkilatın layihə rəhbərləri və tədqiqat üzrə mütəxəssislərinin iştirakı ilə ikigünlük müşavirələr olub.

TMİF-dən verilən məlumata görə, ekspert qruplarının iştirakı ilə sessiyalar keçirilib, “Türk Mədəni İrsi Konvensiyası”nın hazırlanmasına dair təkliflər irəli sürülüb, Türk dövlətləri başçılarının Türk dünyası əməkdaşlıq təşkilatları qarşısında qoyduqları vəzifələr, eyni zamanda, “TURKTIME” proqram sənədi müzakirə edilib.

Fondun prezidenti Aktotı Raimkulova iclasın gündəliyi haqqında məlumat verib. O, “Türk Dünyası 2040 Vizyonu” çərçivəsində hazırlanması TMİF-ə həvalə edilən “Türk Mədəni İrsi Konvensiyası” layihəsi üzərində işlərin başlandığını vurğulayıb.

Konvensiya layihəsi ilə bağlı təqdimat olub, sənədin təkmilləşdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fond tərəfindən yaradılmış ekspert qrupu ilə görüşlər (o cümlədən onlayn) keçirilib, daha sonra yekun rəylərin təşkilata üzv ölkələrin Xarici İşlər və Mədəniyyət nazirliklərinə təqdim edilməsi qərara alınıb.

İclasda təşkilata üzv ölkələrin müraciətləri və layihə rəhbərlərinin təklifləri əsasında TMİF-in ikiillik Fəaliyyət Planı nəzərdən keçirilib. Fondun nəzdində Bərpaçılar və Türk Dünyasının Memarlıq Tarixçilərinin Məşvərət Şurasının yaradılması məsələsinə də baxılıb.