Azərbaycan Kinematoqrafçılar İttifaqının layihəsi çərçivəsində fevralın 20-də “CinemaPlus Azərbaycan”da gürcü rejissor Tengiz Abuladzenin (1924–1994) “Tövbə” filmi nümayiş etdirildi. Filmi Azərbaycan dilində mərhum Əməkdar artist Hamlet Xanızadə səsləndirib.

Tədbiri giriş sözü ilə açan moderator, kinotənqidçi Sevda Sultanova bildirdi ki, bu il həm də rejissor T.Abuladzenin 100 illik yubileyidir: “Abuladze gürcü kinosunun görkəmli nümayəndələrindən biridir. Azərbaycan tamaşaçısı, xüsusən, nisbətən yaşlı nəsil onu Nodar Dumbadzenin əsəri əsasında ekranlaşdırdığı “Mən, nənəm, İliko və İllarion” kinokomediyasından daha çox tanıyır. Məşhur sovet rejissoru Mixail Romm filmdə yumor və gürcü xalqına məxsus fəlsəfi düşüncənin uyğunluğunu yüksək qiymətləndirmişdi. 1984-cü ildə ekranlaşdırılan, Kann festivalında üç mükafata, həmçinin Qran-priyə layiq görülən “Tövbə” filmi də rejissorun yaradıcılığında mühüm yer tutur”.

Moderator daha sonra məşum 30-cu illər repressiyasından bəhs edən “Tövbə” filmi haqqında maraqlı faktları bölüşdü. Qeyd etdi ki, bu ekran əsərinin ərsəyə gəlməsində 1972-1985-ci illərdə Gürcüstan KP MK-nın Birinci katibi olmuş Eduard Şevarnadzenin böyük rolu olub: “Sovet dönəmində ssenarilər Moskvada təsdiq olunurdu. Amma bu ssenari Moskvaya göndərilmədi. Çünki mərkəzdə Şevarnadzeyə etimad göstərdiklərindən ssenarinin çəkilişinə izn verildi.

Filmin ilk versiyası ehtiyatsızlıq üzündən məhv olub. Ona görə də ikinci dəfə lentə alınıb”.

Qeyd edək ki, “Tövbə” filmi ilə bağlı maraqlı faktlardan biri ilk versiyada Tornike rolunu oynayan aktyor Qeqa Kobaxidzenin bir qrup gənclə 1983-cü ildə Türkiyəyə təyyarə qaçırmağa cəhd göstərməsidir. Gənclərin hamısı Gürcüstan elitasına aid ailələrin uşaqları idi. Həmçinin Qeqa məşhur ssenarist, rejissor Mixail Kobaxidzenin oğlu idi. Hadisə nəticəsində 5 nəfər həlak olmuş, 10 nəfər isə yaralanmışdı. Yalnız terror aktında iştirak edən bir qadın istisna olmaqla, digər terrorçulara ölüm hökmü kəsildi... 

T.Abuladze növbəti çəkilişlərdə Tornike roluna Merab Ninidzeni dəvət edir.

Real hadisələr əsasında çəkilən “Tövbə” rejissorun “Dua”, “Dilək ağacı” trilogiyasının sonuncu hissəsidir. Bu film ilk dəfə yenidənqurma illərində 1987-ci ildə ekranlara çıxıb.

Filmdə diktatorların ümumi cizgilərinin yer aldığı Varlam obrazını məşhur aktyor Avtandil Maxaradze ifa edib.

Qeyd edək ki, “Tövbə” T.Abuladzenin kinoda son işi olub.

Həmidə