Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransının martın 5-də keçirilməsi nəzərdə tutulur.

Bu barədə məlumat verən AKİ-nin katibi rejissor Əlisa Cabbarov bildirib ki, konfransın gündəliyinə birləşmiş kino ittifaqının yaradılmasının rəsmiləşdirilməsi, eləcə də ona sədr və idarə heyətinin seçilməsi məsələləri daxildir.

Qeyd edək ki, iki kino ittifaqının birləşməsi ötən il gündəmə gəlib. 2023-cü il iyulun 26-da AKİ və ARKİ idarə heyətlərinin birgə iclası keçirilib və hər iki təşkilatın birləşməsi haqqında birgə bəyanat qəbul edilib.

Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir. İttifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və idarə heyətinin sədri Xalq artisti Şəfiqə Məmmədovadır.