Ərdoğan: “Yeni nailiyyətlər hələ irəlidədir”

 

Türkiyənin “KAAN” milli hərbi təyyarəsi fevralın 21-də ilk uçuşunu uğurla həyata keçirib. Bununla da Türkiyə 5-ci nəsil döyüş təyyarələri istehsal edən ölkələr arasında yerini alıb.

Türkiyənin aerokosmik sənayesinin ən mühüm texnologiya layihələrindən biri olan “KAAN”ın uçuşu üçün bütün texniki və laboratoriya sınaqlarını tamamlanıb.

2023-cü il martın 17-də “KAAN” ilk dəfə uçuş-enmə zolağına çıxarılıb, bunun ardından türk mühəndisləri tərəfindən son 9 ayda təyyarənin səmaya qaldırılması üçün hazırlıqlar aparılıb. Dizaynı və istehsalı ilə Türkiyənin yerli məhsulu olan “KAAN”ın qanadları ilə eni 14, hündürlüyü 6, uzunluğu isə 21 metrdir. Təyyarənin kokpiti bir pilot üçün nəzərdə tutulub.

İki mühərriki, yüksək manevr qabiliyyəti, radardan yayınması, elektron döyüş qabiliyyətləri təyyarənin ən diqqətçəkən xüsusiyyətləridir.

“Yerli beşinci nəsil “KAAN” təyyarəsinin ilk uçuşu uğurlu oldu. Bu hadisə Türkiyənin müdafiə sənayesi üçün qürur mənbəyidir” deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu sahədə işlər davam edir və yeni nailiyyətlər hələ irəlidədir. Türkiyə lideri arsenalına artıq F-16 təyyarələri üçün döyüş sursatının daxil edildiyi pilotsuz “Kızılelma” döyüş təyyarəsi layihəsindən də bəhs edib.