Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Əlamətdar günlə bağlı bölgələrdə müxtəlif tədbirlər keçirilib.

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanası tərəfindən “Dilimiz milli varlığımızdır” adlı tədbir təşkil edilib. Qeyd olunub ki, Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan ən mühüm və güclü vasitədir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Tədbir çərçivəsində Quba Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri, Quba şəhər Hikmət Hüseynov adına 4 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin və Qırmızı qəsəbə 1 saylı tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Sonda “21 fevral – Beynəlxalq Ana Dili Günüdür” adlı kitab sərgisinə baxış olub.

***

Ağdam rayon Əliağalı kənd Mədəniyyət evi  (Quzanlı qəsəbəsində yerləşir) tərəfindən 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda ana dilimizin tarixi və inkişaf mərhələləri haqqında danışılıb. Tədbirin sonunda məktəblilər ana dilimizə həsr olunmuş şeirləri səsləndiriblər.

***

Yardımlı rayon Mərkəzi Kitabxanasında “Ana dilimizi sevək” mövzusunda dəyirmi masa təşkil edilib. Çıxış edənlər əlamətdar günün tarixi haqqında məlumat veriblər. Qeyd olunub ki, ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.

N.Məmmədli