Aktyor plastikası, yaraşıqlı çöhrəsi və fərdi yaradıcılıq keyfiyyətləri ilə yaddaşlarda əbədiləşən sənətkarlarımızdan biri də Xalq artisti Mustafa Mərdanov olub. Səhnədə və ekranda yaratdığı rəngarəng obrazlar qalereyası sənətsevərlər tərəfindən maraqla qarşılanıb. Çünki o, obrazı, sadəcə, oynamır, onunla yaşayır, həyat verdiyi qəhrəmanlarının hisslərini ustalıqla tamaşaçıya ötürməyə çalışırdı.

Bu gün görkəmli sənətkarın anadan olmasının 130 illiyi tamam olur.

Mustafa Həşim oğlu Mərdanov 28 fevral 1894-cü ildə Cənubi Azərbaycanın Mərənd şəhərində dünyaya göz açıb. Uşaq ikən ailələri Tiflisə köçür. Şəhərin mədəni mühiti onun həyata baxışlarına böyük təsir edir. Gimnaziyada oxuya-oxuya teatra da maraq göstərir. 1910-cu ildən şəhərin müsəlman dram dərnəklərində yaxından çıxış edir. Çox keçmir, bir aktyor kimi tanınır. 1921–1922-ci illərdə Tiflis Azərbaycan Dram Teatrının direktoru işləyir. Sonra ali təhsil ardınca Rusiyaya gedir. Moskva Dövlət Teatr Sənəti İnstitutuna qəbul olunur. Təhsilini başa vurub Bakı şəhərinə gəlir. Azərbaycan Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərir. Yüksək aktyorluq texnikası, obrazı qavramaq, obraza girmək bacarığı və yumşaq yumor onun sənəti üçün çox xarakterik olub.

Dövrün böyük aktyorları ilə birgə işləmək Mustafa Mərdanov üçün əsl təcrübə məktəbinə çevrilir. Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov və digər sənət korifeylərindən öyrəndikləri onun sənət yoluna işıq tutur.

Tiflis teatrında “Hacı Qara”da Kərəməli, “Yağışdan çıxdıq, yağmura düşdük”də Qəmbər kimi daha çox komik rollar oynayan M.Mərdanov Bakı teatrında daha ciddi obrazlar yaradır: “Sevil”də İmamverdi, “Həyatın dibində” əsərində Luka, “Günahsız müqəssirlər”də Şmaqa, “Hamlet”də Poloni və s.

Araşdırmalarda qeyd edilir ki, onun teatr yaradıcılığı böyük bir dövrü əhatə edib. O, Azərbaycan Dövlət Dram Teatrına gəlişi ilə milli aktyorluq sənətimizi zənginləşdirib, ona yeni çalarlar bəxş edib.

M.Mərdanov teatrda işləməklə bərabər, filmlərə çəkilməyə də dəvət olunur. İlk rolu “Bismillah” filmində muzdur Qulu olur. Bu film səssiz kinomuzun dəyərli nümunələrindən sayılır. Görkəmli aktyorun kinoda ilk baş rolu “Hacı Qara” filmindəki Kərəməli idi. O, nökər obrazını çox sənətkarlıqla oynayır. 1929-cu ildə “Sevil” filmində Atakişi rolu ona verilir. O, çox ciddi psixoloji vəziyyətlərlə qarşılaşır. Düşdüyü mühit, oğlu Balaşın azğınlığı onu sarsıdır. Aktyor öz oyununda bu detalları bacarıqla təqdim edir. 1932-ci ildə kinorejissor Nikolay Şengelaya “Azərbaycanfilm”də çəkdiyi “İyirmi altı komissar” filmində M.Mərdanovu menşevik roluna çəkir. Bu rol kinoda epizodik olsa da, öz hərəkətləri və jestləri ilə yadda qalır.

Səsli kino yarandıqdan sonra aktyor yeni filmlərə dəvət olunur. 1940-cı ildə “Yeni horizont” (trest müdiri), 1941-ci ildə “Səbuhi” (akademiya rəisi) filmlərində maraqlı rollar oynayır. Sonra bir müddət kinoya dəvət edilmir. 1955-ci ildə “Görüş” filmində (kolxozçu), bir il sonra isə “Qara daşlar”da Dəmirov kimi çox ciddi rolda çəkilir.

Böyük sənətkarın kinomuzda ən uğurlu rollarından biri “O olmasın, bu olsun” filmindəki “intelligent” Həsən bəydir. Bu obraz onun yeni aktyorluq keyfiyyətlərini üzə çıxarır. Sənətkar filmdəki çox güclü aktyor ansamblı içərisində öz ifa tərzi ilə seçilir. Xüsusilə, qonaqlıq səhnəsində Məşədi İbadla dialoqu tamaşaçıda xoş əhvali-ruhiyyə yaradır. Aktyor filmdə tamamilə özgələşir, ifası tamaşaçını, sözün əsl mənasında, heyrətləndirir.

“Əhməd haradadır?” filmində Məhəmməd kişi rolu da onun yaradıcılığında özünəməxsus yer tutur. Bu, aktyorun ömrünün yetkin çağında yaratdığı son rollardan biridir. Bundan sonra o, 1968-ci ildə “Qanun naminə” filmində müstəntiq Murtuzov roluna çəkilir. Filmdə müstəntiq Murtuzov çox böyük səylə Mehmandan qisas almağa çalışır. Çünki bu rüşvətxor müstəntiqin əməllərinə Mehmanın gəlişi ilə son qoyulur. Doğrudan da, M.Mərdanov bu rolu çox təbii yaradıb. O, mənfi bir obraz olsa da, tamaşaçının diqqətini çəkir.

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilən M.Mərdanov 1935-ci ildə “Əməkdar artist”, 1943-cü ildə “Xalq artisti” fəxri adları ilə təltif edilib. Sənətkar bir neçə il Teatr Xadimləri İttifaqının rəhbəri olub.

Mustafa Mərdanov 12 dekabr 1968-ci ildə, 74 yaşında vəfat edib. Qeyd edək ki, görkəmli sənətkarın hələ sağ ikən “50 il Azərbaycan səhnəsində xatirələrim” kitabı 1959-cu ildə işıq üzü görüb. 1973-cü ildə “Mənim müasirlərim” adlı xatirə kitabı nəşr edilib.

Savalan Fərəcov